İctimai fəal Afiəddin Məmmədov saxlanılıb

İctimai fəal Afiəddin Məmmədov saxlanılıb

02-08-2023 09:35 / Bu xəbər 912 dəfə oxundu

Polis onunla bağlı araşdırma aparıldığını deyir

İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov saxlanılıb.

Onun eyni zamanda, üzv olduğu D-18 Hərəkatından verilən məlumata görə, Afiəddin Məmmədov avqustun 1-də axşam saatlarında evə gedərkən onu mülki geyimlilər saxlayaraq, zorla maşına mindirib. Sonradan həmin şəxslərin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğu müəyyənləşdirilib.

"Hazırda Afiəddin Məmmədovu şərləyib həbs etməyə hazırlaşırlar. Üç saat əvvəl Kuryerlər Birliyinin aksiyası zamanı artıq mülki geyimli polis əməliyyatçılarının bizi izlədiyini hiss etmişdik”, – D-18 Hərəkatının sədri Əhməd Məmmədli bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Afiyəddin Məmmədovun saxlandığını təsdiqləyib: "Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək”.

Afiəddin Məmmədov bundan əvvəl polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. 

Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. 

O isə parolu verməkdən imtina edib. 

Buna görə orada işgəncəyə məruz qalıb.