Fəallar Elçin Sadıqovun Kollegiyadan çıxarılmasını tənqid ediblər

Fəallar Elçin Sadıqovun Kollegiyadan çıxarılmasını tənqid ediblər

08-07-2023 14:20 / Bu xəbər 1201 dəfə oxundu

İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqovun fəaliyyətini dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul edib.

Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır.

Sadıqov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir.

"Son vaxtlar işgəncələrə qarşı çıxırdım. Facebook səhifəsində işgəncə faktlarını ictimailəşdirirdim ki, bunun qarşısını ala bilim. Bir neçə vətəndaşın da azảdlığına nail olmuşdum. Ona görə də göstəriş gəlib ki, məni kollegiyadan çıxarsınlar", - deyə o qeyd edib.

Öz növbəsində, Vəkillər Kollegiyasından bildiriblər: "Sadıqovun kollegiyadan siyasi səbəblərlə uzaqlaşdırılması barədə dedikləri tamamilə həqiqətəuyğun deyil, yalandır".

"Rəyasət Heyəti onun barəsində yol verdiyi qeyri-qanuni hərkətlərə görə qərar qəbul edib. Eynulla Fətillayev Kollegiyaya müraciət edib. Sadıqovun özü də Eynulla Fətullayevin şikayətində yazılanları publik qaydada etiraf edib", - deyə Kollegiya Sadıqovun bu il martın 28-də Facebook səhifəsində yazdığı statusa istinad edib.

Eynulla Fətullayevin rəhbəri olduğu Haqqin.az saytı yazıb ki, qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib.

Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması sosial şəbkələrdə tənqidlə qarşılanıb.

İctimai fəal, siyasi məhbus kimi tanınmış İlkin Rüstəmov bildirib ki, Elçin Sadıqov ölkədə insan haqlarını müdafiə edən sonuncu vəkillərdən biri idi.

"Ona qarşı bu addımı qınayıram və Elçin bəyin Vəkillər Kollegiyasına geri qaytarılmasını tələb edirəm!", - deyə o, "Facebook" səhifəsində qeyd edib.

Hüquq müdafiəçisi, siyasi məhbus kimi tanınan Anar Məmmədli bildirib ki, Elçin Sadıqovun Vəkillər Kollegiyasından (VK) uzaqlaşdırılması onun insan hüquq və azadlıqlarının müdafiəsində fəallığı ilə bağlıdır: 

"Müstəqil vəkillərin təqib olunması, sıxışdırılması və vəkillik fəaliyyətindən uzaqlaşdırılması ölkədə müstəqil məhkəmə-hüquq sisteminin olmadığını göstərir. Elçin Sadiqovun siyasi motivlərlə Vəkillər Kollegiyasından uzaqlaşdırılması ölkəmizin üzv olduğu müvafiq beynəlxalq qurumlar qarşısında öhdəliklərini pozması, qanunun aliliyi, hüquqi yardım və müstəqil vəkillik prinsiplərindən geri çəkilməsi deməkdir.

Belə bir sistemdə Vəkillər Kollegiyası müstəqil vəkillərin cəzalandırılmasında müstəsna rol oynadığı üçün bu qurum heç bir beynəlxalq platformada mötəbər, müstəqil və gerçək vəkillər təşkilatı kimi qəbul edilə, əməkdaşlığa cəlb edilə bilməz. Tezliklə bütün beynəlxalq qurumlar Vəkillər Kollegiyası ilə saxta əməkdaşlığı dayandırmalıdır".  

Məmmədli hesab edir ki, hazırda ölkənin bütün insan hüquqları vəkilləri arasında həmrəyliyə və vəkillik institutunun müstəqilliyinin qurulması uğrunda fəallığına ehtiyac var.

Hüquqşünas Xalid Ağali hesab edir ki, Sadıqovun vəkillikdən uzaqlaşdırılması insan haqları sahəsində çalışan hüquqşunaslara göz dağı verilməsidir: "Ümid edək ki, bu qanunsuzluq, özbaşınalıq tezliklə aradan qaldırılacaq".