ABŞ-dan Fərid Mehralızadə ilə bağlı narahatlıq

ABŞ-dan Fərid Mehralızadə ilə bağlı narahatlıq

06-06-2024 15:13 / Bu xəbər 721 dəfə oxundu

Metyu Miller Azərbaycan hökumətinə çağırış edib

ABŞ Dövlət Departamenti Azərbaycanda həbs edilən iqtisadçı Fərid Mehralızadənin həbsindən narahat olması ilə bağlı açıqlama yayıb.

Departament açıqlamada Azərbaycanda haqsız yerə həbs edilən bütün məhbusları azad etməyə çağırıb.

"Haqsız olaraq tutulan bütün şəxsləri dərhal azad etmək, insan hüquqlarına və əsas azadlıqlarına hörmət etmək lazımdır”, – çağırışda bir daha bildirilib.

"Tanınmış iqtisadi şərhçi və jurnalist Fərid Mehralızadə "AbzasMedia” nəşrinin işi üzrə hökumətin davam edən repressiyaları çərçivəsində ötən həftənin sonu saxlanılıb. Baxmayaraq ki, o və xəbər nəşri hər hansı əlaqələrinin olmadığını bildirir”.

Brifinqdə çıxış edən Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin davam edən həbslərindən çox narahatdır.

Bildirib ki, ifadə azadlığı da daxil olmaqla, öz əsas azadlıqlarından istifadə edənlər buna görə həbs olunmamalıdırlar.

"Biz Azərbaycan hökumətini haqsız saxlanılan bütün şəxsləri dərhal azad etməyə və hər kəs üçün insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırırıq”, – Metyu Miller bildirib.

Ötən ilin sonundan başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist və bir o qədər vətəndaş cəmiyyəti fəalı həbs edilib. 

Onlardan çoxu qaçaqmalçılıq ittihamı ilə günahlandırılır. Lakin özləri həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.