ABŞ İranın kəşfiyyat nazirinə sanksiya tətbiq edib

ABŞ İranın kəşfiyyat nazirinə sanksiya tətbiq edib

10-09-2022 12:30 / Bu xəbər 1028 dəfə oxundu

İranın iyulda Albaniyaya qarşı həyata keçirdiyi kiberhücuma cavab olaraq, Bayden Administrasiyası cümə günü İranın kəşfiyyat naziri Esmail Hatibə qarşı sanksiyalar tətbiq edib.

Xəbəri "Turan" yayıb.

Bildirilir ki, bu addım Ağ Evin Milli Təhlükəsizlik Şurasının Tehranı iyulun 15-də Albaniya hökumətinin rəqəmsal xidmətlərinə və veb-saytlarına qarşı yönəlmiş "misli görünməmiş" kiberhücuma görə tənqid etməsindən sonra atılıb.

Albaniya NATO üzvü kimi ABŞ-ın müttəfiqidir. 

"İranın Birləşmiş Ştatlara və ya bizim müttəfiqlərimizə və tərəfdaşlarımıza qarşı yönəlmiş getdikcə daha da aqressiv olan kiberfəallığına dözməyəcəyik", - deyə ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelsonun press-relizində bildirilir.

"İranın mülki dövlət xidmətlərinə və infrastrukturun ən mühüm sektorlarına qarşı yönəlmiş kiberhücumları bu xidmətlərə ciddi ziyan vura və dinc vaxtda dövlət orqanlarının fəaliyyətini poza bilər", - deyə dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, 2007-ci ildən etibarən İranın Kəşfiyyat Nazirliyi və onun səlahiyyətli agentləri müxtəlif ölkələrdə dövlət təşkilatlarına və özəl təşkilatlara qarşı kiberhücumlar həyata keçiriblər.