AİHM: "Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsini qanunsuz olub"

AİHM:

13-07-2023 14:09 / Bu xəbər 1286 dəfə oxundu

Hökumət işin araşdırılması üçün bütün müvafiq sənədlərin surətlərini təqdim etməyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə yekun qərarını elan edib.

Məhkəmə Azərbaycan vətəndaşlığından məhrum edilən, hazırda Avropada yaşayan vətəndaş cəmiyyəti fəalı Emin Hüseynovun iddia etdiyi pozuntuların bir qismini tanıyıb.

İşin hallarına görə, həmin vaxt ərizəçi müstəqil jurnalist və jurnalistlərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının sədri olub.

1979-cu il doğumlu ərizəçi hazırda Cenevrədə yaşayır.

O yaşadığı İsveçrəyə həmin ölkənin xarici işlər naziri ilə yola düşməzdən əvvəl rəhbəri olduğu QHT-yə maliyyə qanunsuzluqları iddiası ilə cinayət işi açılıb, barəsində axtarış elan edilib.

Bu səbəbdən Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınaraq 10 ay orada yaşamışdı.

Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi, AİHM qarşısında iddia edirdi ki, yerli hakimiyyət orqanlarının məcburi yolla vətəndaşlıqdan imtinaya zorlaması onun Konvensiya ilə qorunan hüquqlarını pozub.

Ərizəçi, həmçinin Konvensiyanın 34-cü (fərdi şikayət hüququ) və 38-ci (işin araşdırılması üçün lazımi şərait yaratmaq öhdəliyi) maddələrə əsasən iddia edirdi ki, qardaşı hazırkı ərizəyə görə, dövlət orqanları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb, hökumət işin araşdırılması üçün bütün müvafiq sənədlərin surətlərini təqdim etməyib.

Ərizəçi, eyni zamanda AİHM-dən onu Azərbaycan vətəndaşlığından məhrum edən qərarın ləğv edilməsini, vətəndaşlığa bərpa olunmasını, habelə vətəndaşlıqla bağlı özbaşına qərarların verilməsini önləyən ümumi tədbirləri nəzərdə tutan qərar verməsini istəmişdi.

AİHM ərizəçinin 8-ci maddə ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib.

"Vətəndaşlığına xitam verilməsinin sonucu olaraq, ərizəçinin vətəndaşlığı olmayan şəxs durumuna düşməsi mübahisəsizdir. Ərizəçinin vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qərar onu etibarlı şəxsiyyət sənədsiz qoyub, onun bir fərd olaraq hüquqi statusu ilə bağlı ümumi qeyri-müəyyənlik yaradıb və sosial kimliyinə birbaşa təsir edib. Belə olan halda, Məhkəmə mübahisə edilən tədbirin ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququna müdaxilə təşkil etdiyi qənaətindədir”, – məhkəmə qərarında qeyd edib.

Məhkəmə, həmçinin bu işdə Azərbaycan dövlətinin Konvensiyanın 34-cü (Fərdi şikayət hüququ) və 38-ci maddələri (Məhkəmə işlərinin araşdırlması) ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi qənaətinə gəlib.

Məhkəmə Konvensiyanın 10, 13 və 18-ci maddələri üzrə iddiaları incələməyə ehtiyac duymayıb.

Emin Hüseynovun Azərbaycan vətəndaşlığından məhrum edən qərarın ləğv edilməsinə gəlincə, AİHM-in hazırkı işin xüsusi hallarında Azərbaycanla bağlı hər hansı ümumi və ya fərdi tədbirə ehtiyac olmasını vurğulamağı uyğun hesab etmədiyi bildirilib.

Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500 avro ödəməlidir.

Emin Hüseynova təzyiqlər…

2013-cü ildə Azərbaycanın Baş Prokurorluğu ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açıb.

Həmin vaxt Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynov da bu istintaqa cəlb edilib.

Bir sıra bəzi hüquq müdafiəçisi kimi, ona qarşı da qanunsuz fəaliyyət, vergidən yayınma və başqa ittihamlar irəli sürüldüyü bildirilib.

Emin Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyinə sığınıb.

10 ay səfirlikə qalan Emin Hüseynovun 2015-ci ildə Azərbaycanı tərk etdiyi bildirilir.

Onun I Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didier Burkhalterin təyyarəsi ilə ölkədən çıxdığı deyilir.

Həmin vaxt İsveçrənin Xarici İşlər Nazirliyindən belə bildirmişdilər.

Nazirliyin rəsmilərindən biri mediaya açıqlamasında demişdi ki, Emin Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

İlham Əliyev nə demişdi?

Emin Hüseynovun Azərbaycandan gedişi haqqında sonralar prezident İlham Əliyev də danışmışdı.

2016-cı ilin sentyabrında Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən prezident bunları bildirmişdi:

"Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır”.