"Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğlunun törətdiyi qəza - 48 mini kim ödəyəcək?

06-05-2021 12:48 / Bu xəbər 3419 dəfə oxundu

"Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğlunun lüks avtomobillə törətdiyi qəza ilə bağlı məhkəmə hələ yekunlaşmayıb. 

Sığorta şirkəti 48 minlik zərəri vətəndaşdan tələb edir.

Musavat.com xəbər verir ki, qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib. 

90 ND 064 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı "Audi” markalı avtomobil toqquşub.

"Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. "Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir.

İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. 

Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmızı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 48 min 615 manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var. Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

Qəzadan sonra avtomobil təmir olunub və Vüqar Cəfərlinin adına keçirilib.

Nəriman Hacıyev barəsində inzibati tənbeh haqqında qərar Şəki Rayon Məhkəməsinin qərarı ilə ləğv olunub, işə xitam verilib. Bu gün Nəriman Hacıyev barəsində onun inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı qərar yoxdur. Belə olan halda şəxs barəsində subroqasiya qaydasında sığorta pulunun tələb edilməsi əsassızdır.

Lüks avtomobilə dəyən ziyanı tələb edən tərəf olan "Paşa Sığorta”nın Nəriman Hacıyevə qarşı qaldırdığı pul tələbinə dair Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq. 48 min manatın kimdən tutulması ilə bağlı qərar verəcək.

Amma məhkəmənin indiki mərhələsində sığorta şirkəti məhkəməyə yenidən müraciət edərək Nəriman Hacıyevə inzibati tənbeh verilməsini tələb edir. Çünki inzibati tənbehin olmayacağı təqdirdə sığorta şirkətinin dəymiş ziyanı ödətdirməsi mümkün deyil.

"Audi A7” markalı avtomobili idarə edən Cəfərli Əsəd Vüqar oğlu "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğludur.