Araz Ağalarov: “Batıram…”

Araz Ağalarov: “Batıram…”

21-04-2020 14:58 / Bu xəbər 2253 dəfə oxundu

Rusiyanın tanınmış iş adamı, "Crocus Group”un sahibi, azərbaycanlı Araz Ağalarov ağır mərhələdən keçdiyini deyib.
 
O, biznesini batan gəmiyə bənzədib.

"Bizdə belə bir vəziyyət yaranıb: mən bu ofisdə balaca gəminin kapitanı kimi oturmuşam və onun necə batmasına tamaşa edirəm. Və mən heç nə edə bilmirəm, bu duruma təsir etmək heç cür mümkün deyil”, – deyə A.Ağalarov RBK telekanalına müsahibəsində bildirib.

İş adamı "Crocus”da 15 min adamın çalışdığını və 2 min nəfərin işlədiyi "Tvoy dom” mağazalar şəbəkəsindən başqa, hazırda bütün obyektlərinin fəaliyyətini dayandırdığını söyləyib: "On beş min nəfərlik gəmi yavaş-yavaş kapitanın gözləri önündə dibə gedir və o, heç suyu boşaltmağa cəhd də edə bilmir, sadəcə olaraq, imkan vermilər”.

A.Ağalarov ödədikləri aylıq məvacib həcminin təxminən 1 milyard rubl təşkil etdiyini, mart ayı üçün əmək haqlarını ödəyəcəklərini, lakin aprelə pul qalmadığını deyib. 

Onun sözlərinə görə, kreditlər hesabına daha bir ay ayaqda qalmaq olar, sonrası isə naməlumdur. Ağalarov hökumətin dəstəyi olmadan biznesin yaşamasının mümkün olmadığını vurğulayıb: "Sizə deyirlər ki, işləmək olmaz, kadrları isə saxlayın və əmək haqlarını ödəyin. Amma bizim vergi yükümüz böyükdür, şirkətlərin yığımları da yoxdur. ƏDV-ni aşağı salmaq və iki ay vergiləri unutmaq lazımdır”.

Qeyd edək ki, "Forbes”un versiyasına əsasən Araz Ağalarov Rusiyanın ən zəngin adamları sıralamasında 55-ci yerdədir. Onun varidatı 2,7 milyard dollar həcmində dəyərləndirilir. "Crocus Group” 1,5 milyon kv. metrdən çox daşınmaz əmlak sahəsini idarə edir, portfelində ticarət və sərgi mərkəzləri, restoranlar, fitnes-klublar, okeanarium var.(Press Klub)