Avropada Ziya Məmmədova məxsus yeni restoranların olduğu deyilir

Avropada Ziya Məmmədova məxsus yeni restoranların olduğu deyilir

09-01-2023 13:05 / Bu xəbər 824 dəfə oxundu

Böyük Britaniyada sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus yeni restoranların olması barədə məlumat yayılıb.

Məlumatı hazırda Avropada yaşayan jurnalist Cavanşir Həsənli yayıb.

O bildirib ki, bu restoranlar Deeside, Bolton, Pemberton, Burnley, Mançester, Walton və Wiganda yerləşir.

Jurnalist Britaniya hökumətinə istinadən deyib ki, restoranların ümumi dövriyyəsi 7.5 milyon funt-sterlinqdir.

Onlara sahib olan şirkətdə son söz sahibinin isə Anar Ziya oğlu Məmmədov olduğu qeyd olunub. 

Cavanşir Həsənli bununla bağlı sənəd də paylaşıb. 

Anar və Ziya Məmmədovlar isə hələ ki məlumata münasibət bildirməyiblər. 

2022-ci ilin dekabrında Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən restoranın görüntülərini paylaşmışdı.

Londonda yerləşən həmin lüks restroranın Anar Məmmədova 4 milyon funt sterlinqə başa gəldiyi qeyd edilmişdi.

Sabiq nazir Ziya Məmmədov isə dekabrın 29-da açıqlama verərək məlumatı yalanlamışdı.

"Cəmi bir restoranım var, o da kəndimizin başındadır, gəlib orada yeyib-içə bilərsiniz”, - deyə yazılanlara reaksiya vermişdi.

 Ziya Məmmədov hazırda yaşadığı Ucarın Qazıqumlaq kəndində onun ailəsinə məxsus şadlıq evindən başqa, "Fermer” adlı hotel-restoran komleksi də var.

Nazirin təsvir etdiyi kimi "Kəndin başında” yerləşən bu obyekt təsəvvür olunacaq səviyyədə ucqar kəndlərdə yerləşən yeməkxana anlamına gəlmir, əslində böyük bir gölün ətrafında, 3 hektar ərazini əhatə edir. 

Burada eyni zamanda, ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka da var.