İqtisadçıdan “Azərsu” sədrinə: "Niyə gözünüz doymur?"

İqtisadçıdan “Azərsu” sədrinə:

13-03-2023 12:27 / Bu xəbər 1212 dəfə oxundu

""Azərsu”nun rəhbərliyi ərəb şeyxləri kimi yaşayır?!"

"Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov içməli suyun əhaliyə maya dəyərindən aşağı satıldığını deyib.

O bildirib ki, tariflər normal olsa, "Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər: "Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində bu tariflə su satılmır”. 

"Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov

İqtisadçı Natiq Cəfərli "Azərsu ASC”nin sədr müavininin çıxışını şərh edib. 

O bildirib ki, qiymət artımının əsas səbəbi korrupsiyadır: "Bunlar rəsmən camaatı dolayıblar, Etibar müəllim, suyun maya dəyərini necə hesablayırsınız? Cəmi 2 il əvvəl suyun qiymətini birdən-birə 2 dəfə artırdınız, yenə gözünüz doymadı?! Rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur. İqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üçün ilk növbədə xərcləri azaltmaq lazımdır. Yəni məhz məmurların oğurladığı pullar, xərcləri şişirtməsi maya dəyərini artıran əsas amildir. Yaxşı, gəlin belə bir eksperiment edək, jurnalistlərdən ibarət bir qrup "Azərsu ASC”nin bütün rəhbərlərinin evlərini, bağlarını, sürdüyü maşınları çəksin, sonra da siz hamınız çıxın izah edin ki, rentabelsiz işləyən "Azərsu”nun rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayır?! Yaxşı, ziyanla işləyirsinizsə, nədən bu qədər varlısınız?!" 

"İnsanı əsəbiləşdirən daha bir məqam odur ki, bu məmur tayfası qiymət artırmaq istəyəndə inkişaf etmiş ölkələrə istinad edirlər, amma maaş-təqaüdə gələndə Afrikanı misal gətirirlər. İnkişaf etmiş ölkələrdə dövlət inhisarçı şirkətlər, onları korrupsioner idarəedənlər olmur, maya dəyərini də şəffaf hesablayırlar, insanlar da normal maaş-təqaüd alırlar", - deyə iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, ölkədəki bərbad iqtisadi idarəetmə modelinin bədəlini əhali qiymət artımları ilə ödəyir: "İnsanlar sual vermir, sorğulamır, etiraz etmir, ona görə də qiymət artımı tüğyan edir. Nə zaman ki camaat vətəndaşa-seçiciyə çevriləcək, o zaman da məmurlar normal işləməyə başlayacaqlar – başqa yol, sadəcə, yoxdur..."