AXCP fəalının ailəsi onun şərləndiyini iddia edir

AXCP fəalının ailəsi onun şərləndiyini iddia edir

08-02-2023 14:29 / Bu xəbər 1002 dəfə oxundu

"Bir nəfər narkoman əlində bıçaq söyə-söyə atama hücum edib. Atam da bıçağı onun əlindən alıb, kənara atıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlizamin Salayev saxlanılıb. 

AXCP üzvü Ə. Salayevin oğlu Oktay Salayev "AbzasMedia"ya bildirib ki, atası bu gün səhər saat 6-da ona zəng edib, saxlanıldığını bildirib. 

Onun sözlərinə görə, Əlizamin Salayev bıçaqlı şəxsin hücumuna məruz qalıb:  "Atam dedi, Qaradağ Rayon Polis İdarəsində saxlanılır. Axşam Qaradağda taksiyə minib Salyana evə gələn zaman bir nəfər narkoman əlində bıçaq, söyə-söyə atama hücum edib. Atam da bıçağı onun əlindən alıb, kənara atıb. Bundan sonra polislər atamı tutublar. Dedilər, Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi qaldırılıb". 

Daxili İşlər Nazirliyi yaydığı məlumatda iddia edir ki, Salayev fevralın 7-si gecə saat 1 radələrində "Lökbatan dairəsi”də Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirib. Bundan sonra o, saxlanılıb. 

Əlizamin Salayev bundan əvvəl də dəfələrlə həbs edilib. O, 2020-ci ildə yerli polis şöbəsinin zabitinin şikayəti əsasında "böhtan” və "təhqir”də ittiham olunub. 

Salayev Salyan Rayon Məhkəməsində mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bundan əvvəlki həbslərində AXCP və beynəlxalq təşkilatlar Ə. Salayevin həbsinin siyasi olduğunu bildiriblər.