AXCP üzvü polisə müqavimət ittihamıyla həbs olunub
30-05-2023 11:01 / Bu xəbər 688 dəfə oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən "Arqument.az"a deyiblər ki, Zaur Əhmədov mayın 26-da səhər saxlanılıb.
"Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır", - deyə partiya bildirib.
AXCP hesab edirlər ki, Əhmədovun həbsi onun siyasi fəaliyyətilə bağlıdır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov isə "Turana" bildirib ki, Salyan rayon sakini Z.Əhmədov mayın 26-da rayon ərazisində ictimai qaydanı pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə şöbə əməkdaşları tərəfindən saxlanılıb:
"Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Z.Əhmədov 30 sutka inzibati qaydada həbs olunub".
DİN rəsmisi qeyd edib ki, Z.Əhmədovun ailəsi ilə əlaqə qurmasına və ona sovqat verilməsinə məhdudiyyət qoyulması ilə bağlı iddialar əsassızdır.












