Azərbaycan Böyük Britaniyaya etiraz edib

Azərbaycan Böyük Britaniyaya etiraz edib

05-08-2022 12:59 / Bu xəbər 1197 dəfə oxundu

Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.

Bu barədə bu gün, avqustun 5-də XİN-in yaydığı açıqlamada bildirilib. 

Qeyd olunub ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

"Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.

 Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.

Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib", - deyə məlumatda bildirilib. 

Xatırlatma

Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub.  

Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. 

Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. 

Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib. 

Səbəb olaraq, Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. 

"MNB bəyanatında bildirib ki, liderləri onları prezident İlham Əliyevə qarşı təcili tədbir görməyə çağırıb" - Londonun şəhər qəzeti "Metro" yazır.

Rəhbəri Yasir Əl Həbib olan MNB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. 

Təşkilat həm də İran hökumətini tənqid edir. 

Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.