Azərbaycan ordusu Zəngəzur dəhlizinə girib?

Azərbaycan ordusu Zəngəzur dəhlizinə girib?

12-05-2021 14:53 / Bu xəbər 2108 dəfə oxundu

Azərbaycan Hərbi Qüvvələri Ermənistanın Sünik (Zəngəzur - red.) bölgəsinin içərilərinə doğru 3 kilometr irəliləyib". 

"Sputnik Ermənistan"ın mayın 12-də verdiyi məlumata görə, bunu Qoris şəhər icmasının nümayəndəsi Menua Ovsepyan deyib. 

Onun sözlərinə görə, hazırda öz mövqelərinə geri çəkilməsi üçün Azərbaycan tərəfiylə danışıqlar aparılır. Ovsepyan Ermənistan "teleqram-kanal"larında Sünikdə Azərbaycan və erməni hərbçiləri arasında hərbi toqquşmanın baş verməsinə dair yayılan iddiaları yalanlayıb. 

Bu gün günorta radələrində Ermənistan Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq Azərbaycanın Sünikdə irəlilələməsinə dair iddiaları təsdiq edib. 

"Mayın 12-si səhər radələrində Azərbaycan "sərhədlərin dəqiqləşdirilməsi" iddiası ilə sərhəd məntəqələrindən birində müəyyənləşdirmə işləri aparmağa cəhd edib. Erməni tərəfinin müvafiq addımlarından sonra azərbaycanlı hərbçiləri bu işləri dayandırıblar. Hazırda vəziyyətin nəzarət altına alınması üçün danışıqlar aparılır", - Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. 

Qurum erməni ictimaiyyətinə panikaya səbəb ola biləcək dəqiqləşdirilməyən informasiyaların yayılmaması üçün çağırış edib. 

Azərbaycan tərəfi məsələ ilə əlaqədar hələlik rəsmi açıqlama verməyib.