''Azərbaycan qanunsuzluq uçurumuna yuvarlanır''

''Azərbaycan qanunsuzluq uçurumuna yuvarlanır''

02-12-2017 14:01 / Bu xəbər 248 dəfə oxundu

Amnesty İnternational təşkilatı nümayəndəlik institutunu ləğv edən qanuna etiraz edib

Azərbaycanda vəkillik fəaliyyətinin yeni qaydaları ədalətli mühakiməyə ciddi zərbə vurur, faktiki olaraq hüquq müdafiəçilərinin istənilən növ məhkəmə təhqiqatlarında iştirakını qadağan edir.

"Turan" Agentliyi xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq Amnesty İnternational təşkilatı bildirib. 

Mülki-Prosessual Məcəlləyə, İnzibati-Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna düzəlişlər ölkədə yeganə Vəkillər Kollegiyasının üzvü olmayan bütün hüquqşünasları vəkil statusundan məhrum edir, deyə təşkilatın bəyanatında bildirilir.

9,8 milyon sakini olan ölkədə bu gün 900-dən bir qədər çox vəkil işləyir - Vəkillər Kollegiyasının üzvlərinin sayı məhz bu qədərdir, həm də onların 100-ə yaxını fəal iş aparmır.

Müstəqil Azərbaycanın mövcud olduğu müddət ərzində təqiblərə məruz qalan və müntəzəm olaraq vəkillik statusundan məhrum edilən hüquq müdafiəçiləri indi, demək olar ki, məhkəmə iclaslarında iştirak etmək imkanından tamamilə məhrum ediliblər. Bu, hökumətin Azərbaycanda ədalətli məhkəmə təhqiqatı hüququnun sarsılmasına yönəlmiş son tədbirlərindən biridir.

"Azərbaycan getdikcə daha çox qanunsuzluq uçurumuna yuvarlanır, vəkillər üçün yeni qaydalar ədalətli mühakiməyə daha bir ciddi zərbə vurur. Sosial şəbəkələrdə belə hakimiyyətin ünvanına tənqidi fikirlərin həbs təhlükəsi yaratdığı bir ölkədə indi ədalətli məhkəmə təhqiqatı şansı minimuma endirilib”, deyə Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.

"Hazırda məhkəmələrdə fikri ifadə azadlığını müdafiə edərək və işgəncələrə qarşı mübarizə apararaq, hakimiyyətə qarşı çıxmağa cürət edən bir neçə cəsur vəkil onsuz da müntəzəm olaraq təqiblərə məruz qoyulur. Amma indi Azərbaycan hakimiyyəti sadəcə olaraq bu hüquq müdafiəçilərini məhkəmə proseslərindən uzaqlaşdırmaq imkanı əldə edib və müttəhimləri son ədalət ümidlərindən məhrum edib”, deyə o əlavə edib.

Məhkəmələrdə Nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişikliklər oktyabrın 31-də parlament tərəfindən qəbul edilib. Bir qrup hüquqşünas prezident İlham Əliyevə müraciət edərək, qanunu imzalamamağa çağırmışdılar. İlham Əliyev noyabrın 7-də qanunu təsdiqləyib. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qanuna görə, məhkəmə proseslərində yalnız Vəkillər Kollegiyasına üzv olan vəkillər iştirak edə bilərlər.

Mülki və inzibati məhkəmə proseslərində nümayəndə kimi yalnız yaxın qohumların iştirak edə biləcəyi nəzərdə tutulur.

Qanuna etiraz edən bir qrup vəkil bildirib ki, bu Azərbaycanda müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdırcaq.

Bundan əvvəl İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı və Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da bu dəyişikliklərə etirazlarını bildiriblər.