Azərbaycan XİN: "Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək"

Azərbaycan XİN:

11-10-2021 14:18 / Bu xəbər 777 dəfə oxundu

DSX: "Azərbaycanın dövlət sərhədlərində hər hansı üçüncü dövlətin qüvvələri yoxdur"

"Azərbaycanın dövlət sərhədlərində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq".

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İranın Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı Əli Qüdərzinin açıqlamasına münasibət bildirərkən belə vurğulayıb.

DSX oktyabrın 11-də yaydığı açıqlamada bildirib ki, Əli Qüdərzinin açıqlaması həqiqəti əks etdirmir: "Azərbaycan ərazisində xaricdən gəlmiş təfriqçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir".

Açıqlamada qonşu ölkənin rəsmilərinin daha məsuliyyətli olması, onların yalan və böhtan xarakterli məlumatlar yaymaması tövsiyə olunur.

Bildirilir ki, İranla dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır: "Dövlət sərhədində Azərbaycanın dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır".

DSX həmçinin bəyan edib ki, dövlət sərhədlərində hər hansı xarici dövlətin mütəxəssisləri də mövcud deyil: "Azərbaycanın dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur. Ermənistanla dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Bakının suveren hüququdur".

"Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb", - deyə DSX-nin açıqlamasında bildirilir.

Leyla Abdullayeva: "İran Azərbaycana qarşı böhtan kampaniyası aparır"

Oktyabrın 11-də yeni bir açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış edib.

O, İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət bildirib.

Leyla Abdullayeva bildirib ki, İran Azərbaycana qarşı böhtan kampaniyası aparır: "Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb".

Leyla Abdullayeva
Mənbə: XİN

"Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100.000 dən artıq Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmayıb. Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır", - deyə Leyla Əliyeva bildirib.

O qeyd edib ki, Azərbaycan işğal altında olan ərazilərində erməni muzdlu döyüşçülərdən istifadə etməsi ilə bağlı İran səfirliyinə də məlumatlar təqdim edib: "Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib".

İki həftəyə yaxındır ki, Azərbaycan və İran arasında diplomatik gərginlik yaşanır. Səbəb kimi Qarabağda ermənilərin məskunlaşdığı ərazilərə Azərbaycana məlumat vermədən İrandan yükdaşımaların olması göstərilir.

Azərbaycan tərəfi bildirib ki, İran sürücülərinə qanunsuz yükdaşımalarla bağlı gömrük rüsumu tətbiq edilib. Ardınca İran Azərbaycanın azad edilmiş əraziləri ilə sərhəd bölgədə hərbi təlimlərə başlayıb. Bu da rəsmi Bakının kəskin etirazına səbəb olub.

Türkiyənin "Anadolu” agentliyinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bu təlimlərə narazılığını ifadə edib. O bildirib ki, 30 il işğal dövründə İran bu ərazilərdə belə təlimlər keçirməyib. Bundan sonra İran və Azərbaycan bir-birilərinə qarşı müəyyən qadağalar tətbiq edib.

Azərbaycan mətbuatında məlumatlı mənbəyə istinadən İranın Azərbaycanın hərbi yük daşıyan təyyarələri üçün səmasını bağlaması xəbəri dərc olunub. Eyni zamanda, Azərbaycan Daxili İşlər Nazirliyi İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsi Ocaq Necatın ofisinin koronavirus səbəbilə bağlandığını açıqlayıb.

Tehran rəsmiləri Bakını İran-Azərbaycan sərhədində "sionist” və "terrorçuları” yerləşdirməkdə, Azərbaycan isə İranı Ermənistana hərbi yardım göstərməkdə ittiham edib.(Meydan TV)