Azərbaycanla Ermənistan arasında sülh prosesi: "Yalnız ABŞ fəaldır"

Azərbaycanla Ermənistan arasında sülh prosesi:

20-04-2023 23:40 / Bu xəbər 1303 dəfə oxundu

"Azərbaycan-Ermənistan sülh prosesində hazırda fəal qalan vasitəçi yalnız ABŞ-dır”.

Bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ rəsmilərinin son günlərdə Azərbaycan və Ermənistanda apardığı danışıqları şərh edərkən deyib.

"Avropa İttifaqının vasitəçiliyi Fransanın mövqeyinə görə qəbul edilmədi. Hazırda Rusiyanın da vasitəçiliyi fəal deyil. İndi yalnız gündəmdə qalan ABŞ-ın vasitəçiliyidir”, - deyə o qeyd edib.

Keçmiş nazir son bəyanatları təhlil edərək, hazırda söhbətin Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişindən getdiyi qənaətində olduğunu bildirib:

"Biz görürük ki, çərçivə sülh sazişi gündəmdədir. Orada da nizamlanmanın prinsipləri əks olunub. Azərbaycan nizamlanma üzrə beş prinsip təklif edib və Ermənistan öz mövqeyini açıqlayıb. İndi həll olunmamış bir məsələ qalıb. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan çoxtərəfli sənədlərə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistan Praqada Alma-Ata Sazişinə və BMT Nizamnaməsinə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Münaqişə iki ölkə arasında olduğundan ərazi bütövlüyü məsələsi ikitərəfli səndəddə də öz əksini tapmalıdır".

"Ermənistan hesab edirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ sənəddə əks olunmalıdır və beynəlxalq iştirakçıların vasitəçiliyi ilə danışıqlar yolu ilə həllini tapmalıdır. Azərbaycan erməni tərəfinin bu mövqeyini qəbul etmədi və bildirdi ki, bu, Azərbaycanın daxili işidir, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib digər vətəndaşlarla yanaşı dinc və təhlükəsiz şəraitdə yaşamalıdır. ABŞ nümayəndəsi Yerevanda olarkən baş nazir Paşinyan deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Hiss olunur ki, bu məsələ də artıq həllini tapıb”, - deyə o bildirib.