Baş həkim məhkəmə qarşısında: “Nazir olacağam” vədi

Baş həkim məhkəmə qarşısında: “Nazir olacağam” vədi

24-06-2021 12:49 / Bu xəbər 1111 dəfə oxundu

Rəşad İsmayılov 280 min manatlıq dələduzluqda ittiham olunur

1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılov iyunun 23-də hakim qarşısına çıxarılıb. 

O, 280 min manatlıq dələduzluqda ittiham olunur.

Nazir olub, vəzifə vermək vədiylə tanışını aldatmaqda günahlandırılan keçmiş baş həkimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Rəşad İsmayılovun vəkili müvəkkili haqqında xasiyyətnamə təqdim edib. 

Üstəlik, xəstəxanada baş tibb bacısı işləmiş Nüşabə Səlimovanın da bu məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.

Vəkilin daha bir vəsatəti isə Vüsal Əliyev adlı şəxsin dindirilməsi haqda olub. Müdafiəçi deyir ki, onun adı cinayət işinin materiallarında keçir. Çünki zərərçəkmişdən alınan pul ona verilib. Bu səbəbdən o, əsas fiqurlardan biridir və dindirilməsi zəruridir.

Nüşabə Səlimovanın dindirilməsi haqda vəsatət təmin olunub. Hakimlər bildirib ki, prosesin gedişində zərurət yaransa, Vüsal Əliyev və digər şəxslər də dindirilməsi məsələsinə baxılacaq.

Keçmiş baş həkimin işi üzrə məhkəmə baxışı iyulun 6-na təyin olunub.

Cinayət işinin materiallarında iddia olunur ki, Rəşad İsmayılov zərərçəkmişdən vəzifəyə baş həkim vəzifəsinə təyin etmək vədi ilə 280 min manat pul alıb. Deyib ki, özü yaxın vaxtlarda səhiyyə naziri təyin olunacaq, onu da həmin vəzifəyə təyin edəcək. Vaxt keçsə də, nə verdiyi sözü yerinə yetirib, nə də pulu geri qaytarıb. Ona görə də Rəşad İsmayılovdan hüquq-mühafizə orqanlarına şikayət olunub.

Rəşad İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.///Meydan TV