Baş katibin komfortu, dostumdan gözləmədiyim addım

Baş katibin komfortu, dostumdan gözləmədiyim addım

22-11-2019 18:06 / Bu xəbər 1472 dəfə oxundu

Etibar Cəbrayıloğlu
 
Sovet kinosunun nəhənglərindən sayılan Eldar Ryazanovun çəkdiyi maraqlı filmlər sırasında "Qaraj” da var. 

Yəqin ki, dəfələrlə baxmısınız, "Qaraj”ı görməyələr izləsələr, peşman olmazlar. 

Filmdə belə bir epizod var, qəhrəmanlardan ikisi söhbətləşir:

– Nə işlə məşğulsunuz?
– Satiranı araşdırıram.
– XIX əsri, yoxsa müasir dövrü?
– Müasir dövrü.
– Olmayan bir məsələ ilə məşğulsunuz.

Son vaxtlar ərki çatan dost-tanış, oxucular "Futboldan daha niyə yazmırsan?” -deyə soruşur, gileylərini bildirirlər. Söhbət bu mövzuya gəlib çatanda Ryazanovun baxımlı "Qaraj”ı, filimdəki bayaq xatırlatdığım epizod yadıma düşür. Olmayan bir şeydən yazmaq mənlik deyil, qardaşlar.

Bir-iki ac, görməmişin basıb yediyi milyonlar, səriştəsiz idarə olunan uşaq futbolu, futbol xəritəsindən qoparılıb atılan bölgələr, şirəsi son damlasınacan sorulmuş sponsorlar, miskin premyer-liqa, bomboş tribunalar, bahalı üzük taxılmış barmağın işarəsi ilə oturub-duan idman mediası, yaltaq, cəsarətsiz, öz fikri olmayan bir "PAZ” avtobus məşqçi, veteran futbol mütəxəssisi, AVRO-2020-nin seçmə mərhələsini cəmi-cümlətani bircə xalla başa vuran milli komanda…

Bütün bunlardan sonra ağılı yerində olan hansı adam Azərbaycanda futbolun varlığına inana bilər? Uzun müddətli axtarışlardan sonra futbolda hakimlə həkimin fərqini yalnız bu günlərdə öyrənən AFFA prezidentinin, 5-6 əcnəbi dil bilən, son dəbə uyğun geyinməyi bacaran Baş katibin birgə düzüb-qoşduğu nağıllar bir qəpiyə də dəyməyən boş söz-söhbətdir. Onlar bilməyə bilər, əfəndilər, siz ki, yaxşı bilirsiniz, gözəlim futbolu sözlə yox, ayaq və başla oynayırlar. Özəlliklə də ağıllı başla.

Sonuncu seçmə mərhələnin nəticələri son günlər eninə-uzununa müzakirə olunur. Digah kəndində əmək təlimi müəllimi işləməyə də layiq olmayan Nikola Yurçeviçin başçılıq etdiyi milli komandamızın cəmi bircə xal toplamağı hətta bəzilərini deyəsən təəccübləndirib də. Futbolu məhv edilən ölkənin millisi Farer adalarından, Maltadan, Lixtenşteyndən, Lüksemburqdan da geridə qalmalı idi, burda təəccüblənməli nə iş var ki?

Millimizin bütün yaş qrupları üzrə komandaları rəzil günə salınıb, amma AFFA Baş katibinin heç vecinə də deyil. Özünü elə aparır ki, elə bil "Kəpəzin göz yaşları”nı rəhmətlik Səttar Bəhlulzadə yox, bu özü yaradıb. Ölkənin futbol təsərrüfatı qapıdan qovulan itin gününə salınıb, çox hörmətli, təcrübəli poliqlot Elxan müəllim deyir ki, özümü futbolda komfort hiss edirəm! Yoldaş Məmmədov, siz özünüz bilərsiniz, komfort hiss edirsiniz ya yox, amma siz futbolumuzun başında durduqca biz özümüzü diskomfort hiss edirik…

Elxan Məmmədovun son açıqlamasından daha çox məni dostum Aydın Bağırovun yazdıqları əsəbiləşdirir. Dəyərlin dostum o gün yazıb ki, Azərbaycan futbolu ölüb! Qardaşım, axı sən illərin peşəkar jurnalistisən, oxucuya da heç köhnə xəbər çatdırarlar? Azərbaycan futbolu çoxdan ölüb, özü də bir neçə yerdə vida mərasimləri də keçirilib. Şəmkirdə, Masalıda, Mingəçevirdə, Yevlaxda, Zaqatalada, İmişlidə, "Xəzər Lənkəran”ın stadionda, "Bakı”nın bazasında keçirilən vida mərasimləri dəqiq yadımdadır.

Azərbaycan futbolu çoxdan ölüb, əziz dostum, gəl ölənin ruhunu çox da incitməyək…

Yazı aztoday.azdan götürülüb və fikirlər müəllifin şəxsi mülahizələridir.