Azərbaycan futbolunun üz qarası

Azərbaycan futbolunun üz qarası

13-04-2024 02:30 / Bu xəbər 1489 dəfə oxundu

Mən həmişə bayağı patriotizmin əleyhinə olmuşam. Çünki harda boş-boş Vətəndən danışırlarsa, deməli, nəsə oğurlamağa və ya satmağa çalışırlar. 

Təkcə Qərbi Azərbaycandan olan soydaşlarımızın yox, hamımızın həssas yeri olan İrəvanın adı ilə bir futbol klubu yarandı keçən il. 

Yarandığı il də 1-ci liqaya qəbul edildi nə əcəbsə.  Əvvəldən bunun əleyhinəydim, amma mən kiməm? Vəzifəm yox, səlahiyyətim yox!

Bir qrup işbaz bəh-bəh ilə, yüksək vədlərlə oyunçuları yığmışdılar kluba, hətta premyer liqa klublarından da bəzi gənc və parlaq  futbolçular "İrəvan"a gəldi. Həm oyun vaxtı qazanacaqdılar, həm də yaxşı maaş alacaqdılar. Nəticə? 

Maaşların gecikdirilməsi, zədəli futbolçulara laqeydlik, oyun satılması... 

"Google"da "İrəvan" FK deyə axtarış apararkən, ancaq şikayətlər, klubun tez-tez cərimələnməsi, texniki məğlubiyyətlər alması,, danışılmış oyunlarla bağlı məlumatlar və bir xeyli qalmaqallar görürsən.  

Məsələn, "Zaqatala" ilə oyuna adı protokolda olmayan futbolçu daxil edilir, klub həm 400 AZN cərimə olunur, həm də texniki məğlubiyyət alır.... Amma bu, sadəcə "çiçək"dir. Həngamə qabaqdadır...

Bir ara bəzi "İrəvan" futbolçuları oyuna çıxmaqdan imtina etmiş, öz klublarına boykot da elan etmişdilər. Bu söhbətin axırı necə oldu bilmirəm... Amma bir də eşitdik ki, İrəvanın bir neçə futbolçusu "danışılmış" oyunlarda ittiham olunur. Gəlin, bunu da "malalayaq", deyək ki, klub rəhbərliyinin olanlardan xəbəri yoxdur. 
Belə baxanda, maaşını vaxtlı-vaxtında ala bilməyən bir futbolçunu qınamağa, "oyunu satdı" deyib "baltalamağa" adamın ürəyi gəlmir.

Bu günlərdə klubun rəhbəri Zahid Niyazəliyevin hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılıb.
 
Oxu.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat "İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir. Bu, dövlətin ayırdığı 300 min manatın 10 faizidir. Amma qalmaqalların bu qədər çox olmasını nəzərə alanda, problemin (yeyintinin) daha böyük olması şübhə doğurmur. 

Bu qədər müharibələrdən, toqquşmalardan, verilən şəhidlərdən sonra dövlətimiz bədxah qonşusu ilə sülh yaratmağa çalışır... Amma ortada bir qrup səriştəsiz adamlar düşmənlərin əlinə bəhanə verir və "ərazi iddiası" ittihamları üçün əsas yaradır. 

Bunun tarixi yaşatmaqla da əlaqəsi yoxdur. Adından da, mahiyyətindən də təxribat tökülən bir kluba kimlərin hansı əsasla yol açdığını da anlaya bilmirəm. UEFA buna görə AFFA-nı cərimələməyibsə, hələ böyük şeydir. 

Klubun adını "Zəngəzur" qoysaydılar, "Şərqi Zəngəzur" deyimini əsas gətirərək, necəsə  "malalamaq" olardı. Azərbaycanın futboluna da, tarixinə də vurulan bir ləkəni necə malalayasan"?! Bu cür ləkəni bizə düşmən belə vura bilməzdi... 

Ağlına da gəlməzdi!

Uzun sözün qısası, bu klub ləğv olunmalı (ya da ad dəyişdirmək şərti qoyulmalı) və 1-ci Liqadan kənarlaşdırılmalıdır!

Hər halda, mənim fikrim belədir. Onsuz da, AFFA çoxdandır nə jurnalistləri, nə də azarkeşləri dinləmir...

Rüfət Əhmədzadə