Bayden Səudiyyə Ərəbistanını "Rusiyayla birgə fəaliyyətə görə" hədələyib

Bayden Səudiyyə Ərəbistanını

13-10-2022 12:11 / Bu xəbər 1848 dəfə oxundu

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanının OPEC+ ölkələrinin təşəbbüsüylə neft hasilatını azaltmaq barədə qərarının "nəticələri” ilə üzləşəcəyini söyləyib.

Co Bayden CNN-ə müsahibəsində deyib ki, Səudiyyə Ərəbistanının Rusiya ilə birgə atdığı addım cavabsız qalmayacaq.

"Mən nə düşündüyüm və nəzərdə tutduğum barədə danışmayacağam, amma bunun nəticələri olacaq", - prezident deyib və əlavə edib ki, Konqres öz fəaliyyətini bərpa etdikdən sonra qurumla işləmək niyyətindədir.

Keçən həftə OPEC+ ölkələri Vyanada keçirilən görüşdə hasilatı noyabr ayından başlayaraq gündə iki milyon barelə qədər azaltmaq barədə qərar çıxarıblar və razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıblar. 

Ekspertlər bildirir ki, neft qiymətlərinin qalxması ABŞ-da inflyasiya səviyyəsinin yüksəlməsinə, bu da öz növbəsində Konqres seçkiləri ərəfəsində Ağ Evə zərbə ola bilər. 

Prezident Bayden OPEC+ qərarının elanından sonra administrasiyanı və Konqresi ABŞ-ın özündə enerji hasilatını artırmaq və kartel ölkələrindən tədarükdən asılılığı azaltmaq üçün tədbirlər planı üzərində işləməyə çağırıb. OPEC+ qərarı Ağ Evin bəyanatında məyusedici adlandırılıb.