Bəxtiyar Hacıyev komaya düşə bilər

Bəxtiyar Hacıyev komaya düşə bilər

18-02-2023 03:04 / Bu xəbər 1201 dəfə oxundu

Həkim Adil Qeybulla Penitensiar Xidmətin Müalicə Müəssisəsində 40 gündür ki, aclıq edən fəal Bəxtiyar Hacıyevlə görüşüb. 

O, jurnalistlərə deyib ki, Bəxtiyar hacıyev yenə infuziyadan imtina edib və quru aclığı davam etdirir. 

Adil Qeybullanın sözlərinə görə, Hacıyev xeyli arıqlayıb və əsəb pozğunluğu var.

Həkim bildirib ki, belə davam edirsə, Hacıyevin durumu daha da ağırlaşa, hətta komaya düşə bilər. 

Vəkil Rövşanə Rəhimli isə deyib ki, Bəxtiyar Hacıyevin əlləri buz kimi idi və başı gicəllənirdi. 

Onun dediyinə görə, fəalın vəziyyəti çox ağırdır.  

Vəkil Aqil Layıc isə bildirib ki, Hacıyevin ev dustaqlığına buraxılmasından imtina qərarından apellyasiya şikayətinə fevralın 20-də baxılacaq.
 
Hüquq müdafiəçisi Rüfət Səfərov isə Bəxtiyar Hacıyevə qarşı münasibəti qisasçılıq və qatillik adlandırıb. 

Fevralın 16-da Hacıyev azad edilməsi tələbi ilə quru aclığa keçib. 

O, etiraz aksiyasına fevralın 9-da başlayıb.

Xatırlatma

Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. 

Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb.

Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.