Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib
10-02-2023 16:07 / Bu xəbər 995 dəfə oxundu
33-cü gündür ki, Bakı İstintaq Təcridxanasında aclıq edən Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib.
Vəkili Rövşanə Rəhimli bu gün onunla görüşdükdən sonra deyib ki, Hacıyevdə ürək ağrıları başlayıb: "Bu gün Hacıyevin qan təzyiqi 90/60, nəbzi dəqiqədə 69, bədəninin temperaturu 35,9 dərəcə olub. Baş və ürək ağrıları artıb. Üşütməsi var. Buna baxmayaraq, aclığı davam etdirir".
Vəkilin sözlərinə görə, bu gün Hacıyev quru aclığa keçmək istəyib, lakin vəkillər onu bunu etməməyə razı sala biliblər.
"Hacıyev onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, ictimaiyyətdən onun işini nəzarətdə saxlamağı xahiş edib", - deyə vəkil bildirib.
Xatırlatma
Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb.
Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb.
Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.












