DTX Rəhim Qazıyevi saxlayıb, cinayət işi açılıb

DTX Rəhim Qazıyevi saxlayıb, cinayət işi açılıb

13-07-2020 21:58 / Bu xəbər 2002 dəfə oxundu

Azərbaycanın keçmiş müdfiə naziri Rəhim Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

"Azərbaycanın informasiya sahəsində milli maraqlarına, həmçinin "Dövlət sirri haqqında”, "Kütləvi informasiya vasitələri haqqında” qanunların və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir. Eyni zamanda bir daha diqqətə çatdırılır ki, Azərbaycanın milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da qətiyyətlə alınacaqdır”, - məlumatda qeyd edilir.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətbuat xidmətləri bildirir ki, cəbhədə baş vermiş döyüşlər zamanı Azərbaycan xalqının hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir.

"Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycanın müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar etmişlər”, - məlumatda deyilir.

Rəhim Qazıyevin özü, vəkili, ailə üzvləri hələ ittihama münasibət bildirməyib.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhim Qazıyev hazırda iqtidara qarşı kəskin tənqidi mövqedən çıxışlar edir.
 
amerikaninsesi.org