Dövlət qurumu Ali Məhkəmənin qərarını icra etmir

Dövlət qurumu Ali Məhkəmənin qərarını icra etmir

13-02-2021 02:04 / Bu xəbər 1021 dəfə oxundu

Bakı sakininin şikayət məktubları şikayətçi olduğu quruma göndərilir; "tədbir görməsi üçün”...

Paytaxt sakini Marietta Əsədova "Arqument.az”a yolladığı məktubunda Binəqədi rayonu İcra və Probasiya şöbəsindən şikayət edir. 

O, məhkəmənin qanuni qərarının icra olunmadığını yazır. 

İllərdir məhkəmələrdə və dövlət idarələrində ədalət axtarışında olan M.Əsədova Prezidentə, Birinci vitse-prezidentə, Baş nazirə, Milli Məclisə, Ədliyyə Nazirliyinə, Ombudsman aparatına, Maliyyə Nazirliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, - bir sözlə, bu problemin çözülməsinə, ədalətli həllinə yardımçı ola biləcək bütün dövlət idarələrinə məktublar yazıb. 

Sonda 2019-cu ildə ədalətin məhkəmədə qismən qələbə çalmasına nail olsa da, 6 ildən sonra Ali Məhkəmə pozulmuş hüququ tanıyıb kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarsa da, bir ildən artıqdır bu qərar icra olunmur. 

M.Əsədova ailənin başına gətirilənləri detallı yazıb, öncə onunla tanış olaq:

"Bakı şəhəri, Yavər Həsənov küçəsi, ev 22/30 ünvanında yerləşən fərdi yaşayış evi həyat yoldaşım Əsədov Xudabaxış Rəhim oğlunun mülkiyyətində idi və biz altı nəfərlik ailəmizlə birlikdə 2002-ci ildən həmin evdə yaşayırdıq. Evin ümumi sahəsi 83,6 kv.m., torpaq sahəsi isə 139,7 kv.m. idi. 

2013-cü ildə Ziya Bünyadov prospektində, 3-cü mkr. dairəsinə yaxın ərazidə tunelin tikintisi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamıyla evimiz dövlət ehtiyacı üçün söküldü. Söküntüdən öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri (AAYDA) söküləcək evimizin hər kv.m.-nə görə 1500 (min beş yüz) manat, evimizin yerləşdiyi torpaq sahəsinin hər kv.m.-nə görə isə 1000 (min) manat, ümumilikdə 195200 (yüz doxsan beş min iki yüz) manat ödəniləcəyini bildirmişdilər. Lakin evimizin sökülməsindən sonra evin hər kv.m-nə görə 950 (doqquz yüz əlli) manat, 139,7 kv.m. torpaq sahəsinin isə yalnız 1 kv.m-nə görə 500 (beş yüz) manat, ümumilikdə 97412 (doxsan yeddi min dörd yüz on iki) manat (evin dəyəri 81177+20%) kompensasiya ödənildi. 

Nəticədə biz AAYDA-nın ödədiyi minimal kompensasiyaya yalnız Biləcəri qəsəbəsində ev ala bildik. Bir neçə dəfə infarkt və insult keçirmiş, hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkən həyat yoldaşım Xudabaxış Əsədov verilən məbləğlə razılaşmayaraq 2013-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmək məcburiyyətində qaldı.

Həyat yoldaşım illərlə uzanan məhkəmə çəkişmələrində böyük əsəb və stress yaşadığından səhhəti daha da ağırlaşdı və 2017-ci ilin noyabr ayının 26-da vəfat etdi. Mən isə onun hüquqi varisi kimi tanınaraq həyat yoldaşımın illərlə apardığı mübarizəni davam etdirmək məcburiyyətində qaldım. 

Nəhayət, altı ildən sonra Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3174/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərarı və 18 mart 2020-ci il tarixli, 2-1(102)-3174/2019 saylı qərardadı ilə AAYDA-dan 82974 (səksən iki min doqquz yüz yetmiş dörd) manat kompensasiyanın mənim xeyrimə tutulması qərara alındı. Lakin AAYDA Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarlarını bir ildən artıqdır ki, icra etmir. AAYDA məhkəmə qərarlarını icra etməməsini onunla əsaslandırır ki, evimiz dövlət ehtiyacı üçün söküldüyündən bizə ödənilməli olan kompensasiya dövlət büdcəsindən ödənilməli olduğundan həmin məbləğ yalnız Maliyyə Nazirliyinin məhz bu təyinat üzrə AAYDA-ya vəsait ayırmasından sonra həyata keçirilə bilər. Lakin Maliyyə Nazirliyi həm bizə, həm də AAYDA-ya ünvanladığı çoxsaylı məktublarında bildirib ki, qüvvəyə minmiş məhkəmə qərarlarında kompensasiyanın ödənilməsi vəzifəsi AAYDA-nın üzərinə qoyulduğundan bu işlə bağlı dövlət büdcəsində hər hansı vəsaitin ayrılması barədə Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş tələb əsassızdır. 

Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi də AAYDA-nın (onun vəzifəli şəxslərinin) barəsində heç bir qanuni tədbir görmür, qanunvericilikdə icra məmuruna verilmiş geniş hüquqlardan istifadə edərək AAYDA-nın barəsində məcburi icra tədbirləri görmür. Nəticədə AAYDA Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətsizliyindən faydalanaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməkdən və kompensasiyanı ödəməkdən yayınır.

Bir ilə yaxındır ki, Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları AAYDA-nın icra etməməsindən Prezidentə, I vitse-Prezidentə, Baş Nazirə, Ədliyyə Nazirliyinə, Ombudsmana və onlarla başqa müxtəlif dövlət orqanlarına və aidiyyətli vəzifəli şəxslərə yazılı şikayətlər ünvanlamışıq. Lakin təəssüf ki, müraciətlərimiz araşdırılmadan AAYDA-ya göndərilir. Sonuncu isə bütün müraciətlərə "məhkəmə qərarlarının icra edilməsi üçün tərəfimizdən zəruri tədbirlər görülür” kimi şablon cavablar verir”.

Şikayətçi yazır ki, bir dövlət orqanının Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməsi ölkənin adına, insan hüquq və azadlıqlarına, həmçinin məhkəmə-hüquq sisteminə qarşı açıq hörmətsizlikdir: "Bu halda hara, kimə, daha hansı dövlət qurumuna müraciət etməliyik? Bir problem yarananda hamı məhkəməyə getməyi məsləhət görür, bəs məhkəmə qərarını saymayan qurumdan daha hara şikayət edək¸ yenə də məhkəməyəmi? Axı əlimizdə Ali Məhkəmənin  icra olunmayan qərarı var. Yenə də illərimizi məhkəmə qapılarında keçirməliyik ki, əlimizdə daha bir icra edilməyəcək qərar olsun?!"