Ekspert nazirliyi tənqid etdi

Ekspert nazirliyi tənqid etdi

07-08-2019 19:02 / Bu xəbər 626 dəfə oxundu

Osman Gündüz: "İnternetin sürəti ilə bağlı 142-ci yer reallığa uyğun deyilmi?”

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (NRYTN) daha bir açıqlama yayıb. Nazirlik ötən gün Cable ( Cable.co.uk) qurumunun dünya ölkələri arasında internetin sürəti ilə bağlı açıqladığı Reytinq Cədvəlinə etirazını bildirib".

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz feysbuk səhifəsində yazıb.
 
O qeyd edib ki,  cədvəldə Azərbaycanın son iki ildə 33 pillə geriləyərək 208 ölkə arasında 142-ci yerdə olması vurğulanıb: "NRYTN bildirib ki, "Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır. Bu təşkilat monitorinq olunan ölkələrin sayını artırdığına görə Azərbaycanla bağlı vəziyyət pisləşib. Nazirlik Bakıda və regionlarda geniş zolaqlı internetlə bağlı yeni layihənin icra olunduğunu da diqqətə çatdırıb. Açıqlamada başqa heç bir əsaslı arqument yoxdur”.

Ekspert deyir ki, nazirlik yenə də açıqlama verməkdən yayınıb: "Gətirdiyi arqumentərin heç biri mahiyyəti üzrə deyil. Əksinə, yalnız dövlət qurumları tərəfindən aparılan layihələri sadalamaqla, özəl sektorun fəaliyyətindən bir kəlmə də danışmamaqla, bəlkə də inkişafın nə üçün ləng getməsinin səbəbini dolayısıyla açıqlamış olub. Nazirlik internetin inkişafını səciyyələndirən daha ciddi, birbaşa mahiyyətə aidiyyatı olan arqumentlər gətirə bilərdi. Lakin təəssüf ki, həmin arqumentlər, əslində Cable qurumunun açıqladığı Reytinq Cədvəlinin reallığa daha çox yaxın olduğunu təsdiq edəcəkdi:

1. Ölkədə son illərdə yüksək sürətli internet istifadəçilərin sayı necə dəyişib? Təəssüf ki, elə bir ciddi artım olmayıb. Nə üçün? Çünki nazirliyə tabe olan dövlət provayderləri yeni müştərilər cəlb etmək əvəzinə özəl provayderlərin müştərilərini ələ keçirməklə məşğul olub. Həm də nazirlik, özəl provayderlərin olduğu yaşayış binalarına daha çox diqqət yetirib, nəinki yeni infrastruktur yaratmağa. Nazirlik çox yaxşı bilir ki, özəl provayderlər 3 ildə bir nəfər də olsa genişzolaqlı internet istifadəçisini qoşa bilməyiblər. Çünki nazilik onları sadəcə kabel-kanal sisteminə yaxın buraxmayıb.

2. Ölkəyə daxil olan internet trafikin həcmi son 3 ildə necə dəyişib? "Backbone" provayderlər şikayətlənirlər ki, nəinki yeni tarfik gətirmək, əksinə ölkəyə gətirdikləri trafiki ölkə daxilinə sata bilmirlər və bu səbəbdən də trafiki xarici bazarlara satırlar. "Backbone" provayderlər bazarı inkişaf etdirmək üçün qiyməti 70% endirmək istədikdə isə bazarın 50%-ə nəzarət edən dövlət provayderləri bu təşəbbüsü yerindəcə boğdular.

3. Mobil internet trafikin həcmi necə dəyişib? Bizim apardığımız monitorinqlər göstərir ki, trafiklərdə ciddi artımlar qeydə alınmayıb və biz dəfələrlə bunu açıqlamışıq. Elə "Azercell"in son 3 ildə Deltadan aldığı trafikin həcminə baxmaq yetərlidir”.

Osman Gündüz qeyd edib ki, bütün bunların məntiqi nəticəsi də Cable qurumun, elə digər beynəlxalq qurumların da internetin inkişafı ilə əlaqəli statistikasında öz əksini tapmalı idi: "Eyni zamanda ötən illərdən fərqli olaraq sürətli geriləməyimiz, nazirliyin dediyi kimi reytinqdəki ölkələrin sayının çoxalması deyil. Səbəb həm də odur ki reytinq cədvəlindəki digər ölkələr "yatmayıblar”, onlar bu sahədə sadəcə daha sürətli irəli gediblər”.

"Yeri gəlmişkən, bir daha təkrarlamaq istərdik ki cədvəldəki vəziyyəti dəyişməyin yolları bunlardır:

1. Tənzimləyici qurum olaraq, NRYTN inhisarçılıq xəttindən əl çəkməli, sektorda inkişaf üçün münbit şərait yaratmalı, İSP-ləri yığıb vəziyyəti müzakirə etməlidir.
2. Dövlət və özəl İSP-lər üçün bərabər şərtlər müəyyən edilməlidir.
3. Rabitə quyularının ağzını açmaq və özəllərin də bu dövlət resursundan bərabər əsaslarla istifadəsinə şərait yaratmaq.
4. Dövlətə məxsus Kabel-kanal sistemindən bərabər əsaslarla istifadə Qaydaları hazırlamaq.
5. Yüksək sürətli İnternetin, o cümlədən mobil internetin qiymətlərini endirmək.
6. Regionlarada yüksək sürətli internetin inkişafına investisiya yatırmaq .
7. İnternetin inkişafı ilə bağlı ayrılan dövlət resurslarından səmərəli və effektiv istifadə etmək və s”, - ekspert bildirib.

Toplum.tv
Nərgiz Absalamova