Jurnalistləri Müdafiə Komitəsi: "Azərbaycanda mətbuatın durumu pisləşib"

Jurnalistləri Müdafiə Komitəsi:

19-01-2024 12:16 / Bu xəbər 824 dəfə oxundu

2023-cü ilin sonunda Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib, 2024-cü ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi jurnalistlər saxlanıb. 

Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 18-də dünyada həbsdə olan jurnalistlərlə bağlı hesabatında bildirib.

Qurum dekabrın 1-dək Azərbaycanda dörd jurnalistin və bir media işçisinin saxlandığını qeyd edib. 

Onlar yüksək rütbəli məmurlarla bağlı korrupsiya araşdırmaları aparan "Abzas Media"nı təmsil edirlər. 

Ancaq dekabrın 1-dən sonra "Abzas Media" işi ilə azı üç jurnalist də saxlanılıb. 

Onların hamısına qaçaqmalçılıq ittiham verilsə də, jurnalistlər ittihamı rədd edir, həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

CPJ jurnalistlərin Azərbaycanın Qarabağa nəzarəti bərpa edəndən sonra Qərblə münasibətlərinin pisləşməsi fonunda saxlandığını vurğulayır. 

Hakimiyyət ABŞ və Avropa ölkələri səfirliklərini və donor təşkilatlarını "Abzas Media"nı qanunsuz maliyyələşdirməkdə ittiham edib.

Ölkədə bir çox müşahidəçilərin fikrincə, hökumət yerli jurnalistlərə təzyiqi əsaslandırmaq üçün ABŞ-a qarşı kampaniya başladıb, çünki Vaşinqtonun Bakıya qarşı mövqeyində əhəmiyyətli dəyişiklik baş verməyib.

Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərə təzyiqlə bağlı deyilənləri rədd edir, onların konkret cinayətlərə görə həbs olunduğunu deyir. Amma son aylar Azərbaycanda 10-a yaxın jurnalist oxşar ittihamlarla həbsə atılıb.

CPJ dünyada həbsdə olan jurnalist sayının rekorda yaxınlaşdığını bildirir. Ümumilikdə 2023-cü il dekabrın 1-dək dünyada 320 jurnalist həbsdə olub.

İlk üçlükdə olan Çində 44, Myanmada 43, Belarusda isə 28 jurnalist həbsdə olub. 

Rusiyada bu say 22, Vyetnamda 19-dur.