Əli Kərimli: "İlham Əliyev xalqa mesaj verir ki..."

Əli Kərimli:

15-10-2022 22:29 / Bu xəbər 1268 dəfə oxundu

"Azərbaycanı minadan təmizləmək üçün 25 milyard dollar və 30 il vaxt lazımdır deyərkən İlham Əliyev əslində onun mesajını vermək istəyib ki, Neft Fondunda gözünüz olmasın".

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin çıxışını şərh edərkən deyib. 

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır.

"Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərini minalardan təmizləmək üçün 30 il zaman və 25 milyard dollar vəsait lazımdır”, - deyə ölkə başçısı bildirib. 

Ölkə başçısı çıxışlarında dəfələrlə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 1 milyondan artıq mina basdırılıb. 

Əli Kərimli deyir ki, İlham Əliyev bununla xalqa mesaj verir: "İlham Əliyev deyir ki, uşaqpulu, yeni iş yerləri, maaş, təqaüd və müavinətlərin artırılmasını da tələb etməyin. Pul yoxdur. Neft Fondundakı valyuta rezervlərini isə "mina təmizləmə" işlərinə xərcləyəcəm".

Oktyabrın 5-də açıqlanan son məlumata görə, bu günə kimi 55 min hektar ərazi minalardan təmizlənib.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) sədrinin müavini Samir Poladovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin 148 min hektar ərazisi xüsusilə təhlükəli hesab olunur: "Bizdə hazırda 390 709 tank və piyada əleyhinə mina və partlamamış hərbi sursatla bağlı məlumat var. İndi 40 min hektar minalarla çirklənmiş ərazini təmizləməyi planlaşdırırıq. Bunun 8 min hektarı yaşayış sahələrinin tikintisi üçün nəzərdə tutulub”.

ANAMA rəsmisi illik minalardan təmizləmə sürətinin 65 min hektara çatdırılmasının nəzərdə tutulduğunu bildirib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.