Əli Kərimlinin qaynı həbsdə qaldı

Əli Kərimlinin qaynı həbsdə qaldı

06-12-2017 17:35 / Bu xəbər 189 dəfə oxundu

Ali Məhkəmə bu gün, dekabrın 6-sı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynı, "Texnikabank"ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun şikayətini rədd edib.

Bu haqda AzadlıqRadiosuna E.Seyidovun yaxınları bildiriblər.

Həbsdəki E.Seyidov məntəqə tipli müəssisəyə köçürülməsini istəyir. 

Qaradağ Rayon Məhkəməsi E.Seyidovun bununla bağlı müraciətini təmin etməyib. 

Ardınca Apellyasiya Məhkəməsi həmin qərarı haqlı sayıb.

Ali Məhkəmədə kassasiya şikayətinə hakim Hafiz Nəsibovun sədrlik etdiyi məhkəmə heyəti baxıb.

Məhkəmə E.Seyidovun cəzasının üçdə iki hissəsi bitdiyinə görə məntəqə tipli müəssisəyə köçürülməsi istəyini əsaslı saymayıb. 

Kassasiya şikayəti rədd edilib.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməyi planlaşdırır.

Elnur Seyidovu 2012-ci ilin martında artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi «Texnikabank» işinə görə həbs edib. 

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Vəkili deyib ki, onun müdafiə etdiyi şəxsdən başqa, həmin iş üzrə həbs olunanların hamısı azadlığa buraxılıb:

"Ən əsası, Elnur Seyidov heç bir təqsiri olmadan, qondarma ittihamla həbs olunub. Onun illərdir ağır vəziyyətdə həbsdə saxlanmasının tək səbəbi var – Əli Kərimlinin qaynı olması".

Həmin iş üzrə həbs edilən "Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev hələ hökmdən bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılmışdı.

E.Seyidovla digərləri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və istifadə etmə ) maddələri ilə ittiham olunublar.

13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Seyidovun özü də ittihamları rədd edir və heç bir cinayət törətmədiyini söyləyir.