Fikrət Fərəməzoğlu təxribata çəkildiyini iddia edir

Fikrət Fərəməzoğlu təxribata çəkildiyini iddia edir

16-09-2020 02:42 / Bu xəbər 1423 dəfə oxundu

Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu sentyabrın 15-də polisə çağrılıb. 

O, Toplum TV-yə bildirib ki, qonşusu evinə çəkdirdiyi qaz xəttini kəsdiyi üçün özü polisə müraciət edib.

"Sentyabrın 8-də yaşadığım evə "Azəriqaz”la müqavilə əsasında qaz xətti çəkdirdim. Xətt çəkildikdən cəmi bir gün sonra qonşum Rəhman adında şəxs "Mənə 300 manat haqq verməlisən” deyərək onu kəsdi. "Bura mənim ərazimdir və mənim qanunlarım keçir”, - dedi. Qonşum məni oğlunun "Bandotel”də işləməsi ilə hədələdi, söylədi ki, sən mənə heç nə edə bilməzsən”. 

F.Fərəməzoğlunun iddiasına görə, qonşusu onu təxribata çəkmək istəyib: "Mən hiss edirdim ki, dava salmaq üçün belə edir”. 

O, baş verənlərlə bağlı 14-cü polis bölməsinə müraciət etdiyini, amma araşdırma aparılmadığını söyləyir. 

O, sentyabrın 14-də Daxili İşlər Nazirliyinə müraciət edib. 

Jurnalistin sözlərinə görə, sentyabrın 15-i Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb: "Qaz xəttinin bərpa olunması və qazı kəsən şəxsin çağırılması ilə bağlı göstəriş verildi. Çünki adamın etdiyi hərəkət, ən azı inzibati xətadır. Hələ ki qaz xətti çəkilməyib. Məsələnin nəticəsini gözləyirəm”. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev isə Toplum TV-yə deyir ki, F.Fərəməzoğlunu narahat edən məsələlər aradan qaldırılıb: "Evinin qaz xətti bərpa olunub. Hadisəni törədən şəxs barəsində isə müvafiq araşdırmalar aparılır”.

Fikrət Fərəməzoğlu 2017-ci ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

O, özünü günahkar bilmədiyini, istintaqın saxta olduğunu söyləmişdi.

2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Zərifə Novruz