Fuad İsmayılov təcridxanada yenidən döyülüb?

Fuad İsmayılov təcridxanada yenidən döyülüb?

27-06-2020 01:57 / Bu xəbər 1690 dəfə oxundu

Gənc fəal Fuad İsmayılovun döşəməyə "Facebook” sözü yazdığına görə döyüldüyü deyilir. 
 
Mayın 22-dən həbsdə olan F.İsmayılov Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada cəza çəkir. 

Ötən günlərdə Fuad İsmayılovun yaxınları onun həbsxanada döyüldüyünü bildiriblər. 

Hazırda sosial şəbəkələrdə ictimai fəalın döşəməyə "Facebook” sözü yazdığına görə döyüldüyü iddia olunur. 

Bu barədə Toplum tv-yə ictimai fəal Elgiz Qəhrəmanlı məlumat verib: "Yaxınlarının bildirdiyinə görə, Fuad İsmayılov 21 iyun günorta saatlarında yatdığı çarpayının altına diş fırçasıyla "Facebook” sözü yazdığı üçün döyülüb. Daha sonra bu barədə növbətçi hissənin rəisi Azər adlı şəxsə məruzə olunub və onun yanına aparılıb. Azər onu yumruqla döyməyə başlayıb, 6 polis əməkdaşı da ona qoşulub, üzünə, qulağına zərbələr endirilib. Daha sonra Fuadı rezin kameraya aparıb, qollarını arxadan qandallayıb döyüblər. 2 saata yaxın rezin kamerada saxlanılıb. Dediyinə görə, onun qarnının yuxarı hissəsinə zərbələr endirilib, daha çox nəfəs qəfəsinə (diafraqmasına)”.
 

 
Gənc fəalı döydükdən sonra polis əməkdaşlarının ona zorla izahat yazdırdıqları deyilir: "Döydükdən sonra onun qarşısına bir mismar qoyublar, zor və təzyiq altında yazdırıblar ki, bu mismar onundu və özünü öldürmək məqsədiylə üstündə daşıyırmış”.

Parlament seçkilərinə etiraz olaraq MSK-nın önündə "Fu Məzi” yazan fəal artıq iki dəfə həbs olunub.

F.İsmayılov ilk dəfə martın 7-də İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə (şəxsi istehlak miqdarında narkotik saxlama) 60 günlük həbs olunub. O, birinci həbsi zamanı məhkəmədə bildirmişdi ki, narkotik maddə saxlamaqda ittiham olunsa da, polis bölməsində ona ancaq siyasi məsələlərlə bağlı suallar veriblər.

O, ikinci dəfə mayın 22-də saxlanıb və Suraxanı Rayon Məhkəməsinin qərarıyla ona iki aylıq inzibati həbs cəzası verilib.

Fuad İsmayılovun sözlərinə görə, o, birinci dəfə saxlanılanda da döyülüb.
 
Arzu Çinarlı