General Bəkir Orucovun vəkili Mais Bərxudarovu ittiham edir

General Bəkir Orucovun vəkili Mais Bərxudarovu ittiham edir

23-10-2023 15:06 / Bu xəbər 989 dəfə oxundu

"Kimisə qorumaq üçün onu qurban veriblər…”

2017-ci ilin mayında Tərtərlə paralel Beyləqanda da xəyanət, casusluq şübhəsiylə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr olub, nəticədə bir nəfər – baş leytenant Adil Sabirli həyatını itirib. 2021-ci ilin dekabrında "Tərtər işi” üzrə yenidən istintaq aparılanda bu hadisə ilə bağlı da icraat təzələndi və biri general olmaqla, 5 nəfər cinayət məsuliyyətinə cəlb olundu. 

Sözügedən 5 nəfərin işi üzrə yarım ildən çox davam edən məhkəmə istintaqı başa çatıb. 

Hazırda onların məhkəməsində müdafiə tərəfinin çıxışları mərhələsidir.

Söhbət həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş, 2022-ci ildə həbs ediləndə isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov, korpusda təlimatçı olmuş Ülvi Rəşidov, snayper bölüyünün komandiri Ziya Kazımov, təhqiqatçı Rahib Məmmədov və Müdafiə Nazirliyinin Hüquq İdarəsində təhqiqat bölməsinin rəis müavini olmuş İntiqam Məmmədovdan gedir.

Adları çəkilən şəxslər hərbçilərə qarşı işgəncələr, pis rəftar, vəzifə səlahiyyətlərini aşma və s. hərəkətlərdə ittiham olunur. 

Prokuror general Bəkir Orucov və Ziya Kazımovun hər birinə 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova isə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. 

Təqsirləndirilən şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov barəsində həbs qətimkan tədbiri seçilməyib. Bu səbəbdən prokuror Vüsal Mehrəliyev bildirib ki, hökm çıxarılarkən onlar məhkəmə zalında həbs olunmalıdır.

Təqsirləndirilən polkovnik Ziya Kazımov hazırda da Azərbaycan Ordusunda xidmət edir. O, sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatlarında iştirak edib.

Son məhkəmə iclasında zərərçəkmişlər prokurorun Ziya Kazımova 12 il 6 ay həbs tələbinə etiraz ediblər. 

Onun həm Azərbaycan ərazilərinin işğaldan azad olunmasındakı xidmətlərini vurğulayıblar, həm də işgəncələrdə iştirak etmədiyini bildiriblər.

"Mən konkret Ziya Kazımova istənilən cəza tələbilə razı deyiləm. Prokuror çıxışında zərərçəkmiş ifadələrinə istinad edib, mənim adımı çəkib ki, guya mən Ziya Kazımovun işgəncə verdiyini demişəm. Mən elə söz deməmişəm. Əsas işgəncələr Daşburunda olub. Adama elə işgəncə vermişdilər, dizimin üstündə can verirdi. Orada da Ziya Kazımov yox idi. Hər şey gözümün qabağında olub. Ən əsası, bu adam cinayətkardısa, anti-terror əməliyyatında bir batalyonu niyə ona etibar edib döyüşə göndərirdilər? 44 günlük müharibədə də, 19 sentyabrda 1 günlük döyüşlərdə də onun elədiyi qəhrəmanlıqları çoxu bilir. Şəhid olsaydı, hamı deyəcəkdi qəhrəmandı. İndi niyə bu cür davranılmalıdır ona qarşı? Ziya Kazımovun kimisə döydüyünü, söydüyünü burada oturan zərərçəkmişlərin heç biri görməyib. Mümkündürsə, ona heç bir cəza verilməsin…”, – zərərçəkmiş Zaur Əliyev şıxışında bildirib.

O əlavə edib ki, bu cinayətlərin başında dayananların heç biri hazırda məhkəmə qarşısında dayanmayıb.

Müdafiəçilərin çıxışları mərhələsi öncə təqsirləndirilən Ülvi Rəşidovun vəkili ilə başlayıb. 

O, hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmü çıxarılmasını istəyib. Vəkilin sözlərinə görə, Ülvi Rəşidovun kiməsə işgəncə verməsi təsdiqini tapmayıb: "Mais Bərxudarov onu çağırıb, müəyyən göstərişlər verib, o da yerinə yetirib. Adil Sabirlini polkovnik Elşad Əbilov gətirib. O, öldüyü vaxt Ülvi Rəşidov Beyləqanda taborun ərazisində olmayıb. Anten məlumatlarından da görünür ki, Ağcabədi ərazisində olub”.

Ardınca Bəkir Orucovun vəkilləri çıxış edib. Əvvəlcə vəkillərdən Elvin Rzayev bildirib ki, Beyləqan hadisələrindən 6 il keçsə də, indiyədək orada baş verənlərə kimlərin rəhbərlik etdiyi məlum deyil. 

Vəkil narazılıq edib ki, bu işdə əsas fiqurlardan biri korpus komandiri, general-leytenant Mais Bərxudarov olsa da, hakimlər onu çağırıb dindirməkdən imtina elədi. Məhkəmədə onun dindirilməsi barədə qaldırılan çoxsaylı vəsatətlər təmin olunmadı.


Bəkir Orucov. Mənbə: MN

"Düşmənlə əməkdaşlıq şübhəsi varsa, araşdırmanı Dövlət Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluq aparmalıdır. Bunu Bəkir Orucov korpusun qərargah rəisi olaraq, korpus komandirinə deyib. Amma Bərxudarov deyib ki, ehtiyac yoxdur. Araşdırmanı istintaqçılara yox, gizirlərə həvalə eləyib, nəticə də bu olub. Adil Sabirlinin atasının ifadəsi var işin içində. Deyir ki, oğlu bu hadisədən az əvvəl məzuniyyətdə olarkən evə gəlib. Onda deyib ki, həm Mais Bərxudarovla, həm də hərbi hissə komandiri ona problem yaradır”.

Vəkili vurğulayıb ki, kiminsə günahını Bəkir Orucovun üstünə atırlar. Müdafiəçi xatırladıb ki, prokuror çıxışında Bəkir Orucovdan 30-a qədər zərərçəkmişin şikayətçi olduğunu bildirmişdi: "Bu, doğru deyil. Biz də ifadələri qeyd edirik. 7 nəfər şikayətçi olduğunu deyib. Onlar da konkret işgəncə faktına görə yox, qərəzli olaraq. Bəkir Orucov səngər generalı olub. Ona aprel döyüşlərində xidmətlərinə görə general-mayor rütbəsi, "İgidliyə görə” medalı verilib. İndi kimisə qorumaq üçün onu qurban veriblər. Tərtərdəki işgəncələrdə 14 nəfər həyatını itirib. Amma heç o işdə buradakı qədər cəza istəməyib”.

Mais Bərxudarovun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatətlərə prokuror etiraz edərkən arqumenti belə olurdu ki, Adil Sabirli işgəncədən ölən ərəfədə Mais Bərxudarov məzuniyyətdə olub. 

Vəkil çıxışında korpus komandirinin həmin dövrdə məzuniyyətdə olması məsələsinə də toxunub.

Cinayət işinin materiallarına əsasən, işgəncələr mayın 1-dən başlayıb. Adil Sabirli mayın 6-dan 7-nə keçən gecə saat 3 radələrində ölüb: "Həmin vaxt Bərxudarov məzuniyyətdə olmayıb. Onun məzuniyyət əmri mayın 8-dən 13-nə qədərdir. O, mayın 7-də axşam saat 5-də ölkəni tərk edib. Halbuki, 6-dan 7-nə keçən gecə rəhbərlik elədiyi korpusda belə bir ölüm hadisəsi baş vermişdi. Birincisi, hələ məzuniyyətdə deyil. İkincisi, korpusda belə hadisələr baş verir, necə istirahətə gedirdi? O versiya da var ki, dərhal ayın 8-nə məzuniyyət əmri verilib ki, sonradan bu hadisələr araşdırılacağı halda, lazım ola bilərdi”.

Vəkil əlavə edib ki, Bəkir Orucov Adil Sabirlinin ölümü barədə ertəsi gün hərbi prokurorluğa məlumat verib. Lakin prokurorluq lazım olan addımları atmayıb: "Faktla bağlı niyə dərhal cinayət işi başlanmayıb? Niyə dərhal gəlib hadisə yerinə baxış keçirməyiblər? Bəlkə gəlib orada elə işgəncə alətləri tapacaqdılar? Prokurorluq buna görə məsuliyyət daşıyır”.

Digər vəkil Fuad Şirinov məhkəmə istintaqının natamam aparılmasından narazılığını dilə gətirib. O hesab edir ki, məhkəmə obyektiv araşdırma aparsaydı, Mais Bərxudarov, müdafiə naziri Zakir Həsənov, hərbi prokuror Xamlar Vəliyev, onun müavini Şəfahət İmranov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərlərini çağırıb dindirməliydi.

Vəkil Bəkir Orucovun səhhətində problemlər olduğunu, həyat yoldaşının xərçənd xəstəliyindən əziyyət çəkdiyini də məhkəmənin nəzərinə çatdırıb.

Daha sonra təqsirləndirilən Ziya Kazımovun müdafiəçisi Bəhruz Bayramov çıxış edib. O bildirib ki, mütəşəkkil dəstə ittihamı tamamilə əsassızdır. Çünki Ziya Kazımov təqsirləndirilən şəxslərdən İntiqam və Rahib Məmmədovları məhkəmədə tanıyıb: "Bunlar necə mütəşəkkil dəstə oldular ki, bir-birini tanımırlar? İttiham tərəfinin hansı sübutu var ki, Ziya Kazımova 12 il 6 ay həbs cəzası istəyir? Ona Adil Sabirliyə işgəncə verib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmaq ittihamı verilib. Buna aid nə sübut var? Əksinə, sübutlar var ki, ona zəng olunub, deyilib ki, bu adamın vəziyyəti pisdir, o da gəlib süni nəfəs verib”.

Vəkili Ziya Kazımovun xidmətlərindən də danışıb. 

O bildirib ki, 2020-ci ildə 44 günlük müharibədə o yaralanıb. Amma onu yaralı vəziyyətdə hospitaldan çıxarıb həbs eləyiblər: "44 günlük müharibədə iki dəfə yaralanıb. Hadruta ilk girənlərdən olub. Budəfəki 1 günlük anti-terror əməliyyatlarında da xidmətlərini bilənlər bilir. 22 ildir qulluq edir, kirayə yaşayır. Kreditlə maşından başqa heç nəyi yoxdur”.

Bəhruz Bayramov müvəkkilinin əməlində cinayət tərkibi olmadığını əsas gətirərək, ona bəraət verilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 2-də digər iki təqsirləndirilən şəxsin – Rahib Məmmədov və İntiqam Məmmədovun vəkillərinin çıxışı, ardınca özlərinin son sözlərilə davam edəcək. Daha sonra hökm oxunacaq.