Görəsən, Epi kimdir?

Görəsən, Epi kimdir?

15-08-2023 00:50 / Bu xəbər 1751 dəfə oxundu

Rasim Əli

İsti avqust gecələrindən biri. Saat 1 tamam. Beyin yenə axtarışdadır. Amma nəyi, niyə? Heç özü də bilmir. İçimdən "kaş ki, azca yağış yağaydı” deyə xırda bir istək, arzu keçdi. Ümumiyyətlə, arzularım, istəklərim həmişə xırda olur. Arada kiməsə, səhvən "üstündə xırda arzun olmaz?” deyə soruşmaq istəyirəm. Nəysə, bu xırdalıqdan heç beş dəqiqə keçməmişdi ki, yağış yağmağa başladı. İnandırım sizi, çox sevindim. İnandırdımsa əla, inanmayanlar da özü bilər. Amma sonra peşman oldum, ona görə ki kaş başqa bir arzu tutaydım, çünki hər zaman Tanrının qəbuluna belə tez düşmək olmur. 

Həə, elə indicə, beynim axtarış nəticəsində axır ki bir şey tapdı. Görəsən, Epi kimdir? Repə qulaq asanlar başa düşdülər, düşməyənlər də yenə deyirəm özləri bilər. Amma yenə də "düşən var, düşməyən var” söhbətinə görə çox uzatmıram.

Keçək əsas məsələyə. Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib. Başda Emil Quliyev ilə Nuri Bilge Ceylan olmaqla bütün kino çəkənlərə uğurlar arzulayıram. 

Mövzumuz kino deyil, rejissorları salamlamaq, onlara uğur arzulamaq heç deyil, sadəcə, ürəyim belə istədi. Amma yenə də "çəkən var, çəkməyən var” söhbətinə görə uzatmıram.

Yaxşı, yazıma davam edim. Deməli, beynimə gələn " Epi kimdir?” sualından sonra Epini keç, əsas onu de ki, Rasim kimdir? Rasim özünü axtaran, amma hələ də tapa bilməyən biridir. Uzun illər davam edən axtarışlar nəticəsində nə nəticə tapıldı, nə də mən. Çox insan mənə "Rasim müəllim” deyir. Xeyr, çox pulum olduğuna görə yox, həqiqətən, müəlliməm. Məktəbdə işləyirəm. İndi sən bunu oxuya-oxuya düşünürsən ki, müəllim məktəbdə işləyər də, amma xeyr, universitetdə də işləyə bilər.  Amma yenə də "işləyən var, işləməyən var” söhbətinə görə uzatmıram.

Reper Paster müsahibələrinin birində bu sözləri demişdi: "İllərlə tikdiyin bir şeyi bir anda dağıda bilərsən. Mən qorxmuram ki, sabah insanlar məni səhv başa düşə bilərlər və ya başqa cür səslənə bilərəm. Bir şeyi başa düşmüşəm ki, tapdın-tapmadın axtarmaq önəmlidir". 

Pasterin bu fikirlərindən də yola çıxsaq, yenə eyni yola qayıdacağıq. Amma yenə deyirəm, "axtaran var, axtarmayan var" söhbətinə görə bu səfər uzadacağam. Niyə bir-birinizi axtarmırsınız? Bir zəng vurmaq, bir mesaj atmaq bu qədərmi çətindir? Türk şairin də dediyi kimi, "Vefasız dostlara hatırlat, kimseye kalmaz o dünya”.

Hər insanın da axtardığı şey fərqli olur: sevgi, xoşbəxtlik, pul, mövqe, şan-şöhrət, dost, karyera və s. Amma, məncə, axtarılmağa və tapılmağa dəyən ən önəmli şey insanın özüdür. Həm də bu axtarış heç vaxt bitməyəcək sanki, insan yaşadıqca dəyişikliklər istəyəcək, monotonluqdan qaçmaq üçün, bu axtarışlar həm daxilində, həm xaricində baş verəcək. 

Bu axtarış yolunda addımlamaq ucu-bucağı olmayan tuneldə addımlamaq kimidir, amma tunelin sonunda işığın olub-olmamağı hələ ki məlum deyil. Elə bu naməlumluq da insanı narahat edir, qayğılandırır. Naməlumluq və qeyri-müəyyənlik. Çünki insan bəzən özündən uzaqlaşır, bu ərəfədə verilən qərarlar doğru olmur. Və yekə bir çarəsizliyin gətirdiyi ağırlıq altında əzilməyə başlayırsan. Onsuz da özünü tapmaq bir yana, axtarmaq da qeyri-müəyyənlik doğuran bir prosesdir, nə axtardığını bilmədikdən sonra. Nə axtardığın bilməyən insan, nəinki nəyisə tapmır, heç özünü də tapa bilmir və yorulmağa başlayır. Konkretləşdirsək, deyə bilərik ki, hədəfsizlik. Hədəfi olmayan insan çoxlu axtarış etsə də, faydasız olacaq və getdikcə özündən uzaqlaşacaq, özünü tapmaq yerinə əksinə, özünü daha da itirəcək.

Nəticəsiz axtarışlar insanın depresiyaya düşməsini daha da gücləndirər. Yaxınlarda izlədiyim videoda depresiyanı belə izah edirdi; depressiya bədənə deyir ki, artıq səndə olan bu ruhu daşıya bilmirəm, səndən bezmişəm və artıq özünü dəyişməlisən. Dəyişilmək üçündə axtarmaq və nəsə tapmaq lazımdır, yoxsa əksi olarsa, depressiyadan çıxmaq ehtimalın çox zəif olacaq. Hədəf məsələsinə yenidən qayıtsaq, hədəf belə axtarış nəticəsində tapılır, nəyəsə həvsəsin, marağın varsa, yoxsa əvvəl hədəf qoyub, sonra axtarışa çıxmaq olmur, yəni alınmır, texniki olaraq mümkün deyil. 

İnsan öz daxilində sevdiyi və onu xoşbəxt edən, onu hərəkətə gətirəcək, şövqlə işləyib vaxtının haradan gəlib haraya getdiyini hiss etmədiyi bir şeyi taparsa, artıq hədəfinə və axtardığı şeyə çatacaq. Və nəhayət, özünü də tapmış olacaq. Məncə, insan həmişə sevdiyi işlə məşğul olmalıdır, sevmədiyin bir işdə uğur qazana bilməzsən. Ola bilər yüksək gəlirin olsun, amma işini sevmirsənsə, uğursuzluğa düçar olacaqsan.

Axtarış o qədər önəmli rol oynayır ki,  insan həyatında, hazırda dünyanın ən nəhəng şirkəti "Google” belə axtarış sistemi üzərinə qurulub. Hər gün milyonlarla insan bu saytda nəsə axtarır. Bunun da kökündə insanoğlunun daima nəsə axtardığı həqiqətinin olması yatır. İnsanlar hər gün ən önəmli şeylərdən tutmuş ən önəmsizlərə qədər nəsə axtarır. 

Deməli, insanın  nəsə axtarıb tapmaq istəyi həmişə var olacaq.  Bu istək bəşəriyyətdən ayrı düşməyəcək və yenilənmənin baş rolunda insan olacaq. İnsan isə bu yenilənmələr içində edəcəyi yeganə və önəmli şeylərdən biri də özünü unutmamağı olmalıdır. İnsan sözünün bir mənası da "unutqan" deməkdir. Amma unutmağın özü də insana verilmiş ən gözəl nemətlərdən biridir. Heç bir şeyi unuda bilməməyimizi düşünmək nə qədər qorxuludur! İnsana edilən pisliklər, yaşanan travmalar, itkilər, ayrılıqlar, xəstəliklər, müharibələr və s.  

Şekspir şeirində "Öyrət mənə, necə unudular düşünmək” yazarkən çox düşünməyin zərərli bir şey olduğunu və həll yolunu unutmaqda olduğunu vurğulayır. İnsan başına gələn bütün pis hadisələri  unudub və bu  neqativ yüklərdən qurtulsa, özünü  göylərdə uçan bir quş kimi azad hiss edəcək, qanadları olmasa belə sevincindən uçacaq. Amma acı bir həqiqətdə var ki, deyirlər, unutmaq qeyri-mümkündür. Unutmaq üçün gərək yaddaşını itirəsən. Daha dərindən yanaşsaq, elə bizi biz edən də unutmadıqlarımızdır. Keçmişdə yaşanan hadisələr şəxsiyyətimizi formalaşdıran təməl daşlardır. Amma yenə də "unudan var unutmayan var” söhbətinə görə uzatmıram.

Bunları yazıb qutardıqdan sonra beynim yenə nəsə axtarmağa başladı, bir az keçəndən sonra nəticə tapıldı. "Dejavu", yenə eyni sual,  Görəsən, Epi kimdir? Yox, zarafat edirəm, bu səfər "Rasim kimdir?” oldu nəticə. Fikirləşdim ki, buna ən yaxşı cavabı "Google” verər. 

Girdim, yazdım, "Facebook” profilimdən bir neçə şəkil, "Linkedin”  hesabım haqqında məlumat və ədəbiyyat saytlarında dərc olunan yazılarım. Amma yenə də deyirəm, "yaza bilən var,  yaza bilməyən var”, söhbətinə görə uzatmıram...