Hafiz Babalı İlham Əliyevə müraciət etdi: "Jurnalistika cinayət deyil”

Hafiz Babalı İlham Əliyevə müraciət etdi:

18-03-2024 12:52 / Bu xəbər 816 dəfə oxundu

Jurnalist həmçinin nazirə və Ombudsmana da müraciət ünvanlayıb

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib.

Bildirib ki, o, saxta ittihamla həbsdədir: "İttihamda əks olunan valyuta qaçaqmalçılığına dair qurama məlumatlardan qanunsuz saxlanılarkən xəbər tutmuşam. Qeyd olunan maddənin dispozisiyasındakı hallar, eləcə də mənə qarşı irəli sürülən ittihamların heç bir sübutu yoxdur, ola da bilməz”.

Jurnalist bildirib ki, o, cinayət işində bəhs olunan 2022-2023-cü illər ərzində iddia edilən valyuta qaçaqmalçılığının heç bir mərhələsində iştirakçı olmayıb.

"2019-cu ilin noyabr ayından etibarən AR Dövlət sərhədlərini keçməmişəm. Qaçaq malı kimi xaricdən valyuta gətirilməsinin planlaşdırılması, təşkili, sərhəddən qanunsuz keçirilməsi, qəbulu və bölüşdürülməsində hər hansı şəkildə və statusda iştirak etməmişəm. Mənim ittihamda göstərilən qabaqcadan əlbir olan qrupa heç bir aidiyyatım yoxdur”.

Hafiz Babalı bildirib ki, cinayət işində adı keçən Ülvi Həsənli və Sevinc Abbasovanı jurnalist kimi tanıyır. Onların guya ölkəyə gömrük nəzarətindən kənar valyuta gətirmək niyyətindən xəbərsiz olub: "Onlarla bu haqda söhbətim olmayıb. Mənim heç bir kəslə cinayətkar razılaşmam olmayıb və iddia edilən bu qurama razılaşmada üzərimə qoyulan funksiya mövcud deyil. Mən abzas.net internet saytında yayımlanmış 6 jurnalist araşdırmasının müəllifiyəm. Bunu nə ictimaiyyətdən, nə də istintaq orqanından gizlətmişəm. Mənə qarşı müxtəlif maliyyə əməliyyatlarında iştirak etməklə xeyli miqdarda gəlir əldə etmək ittihamının heç bir maddi dəlili yoxdur. Nəzərə alsaq ki, "xeyli miqdar” dedikdə 50.000-200.000 manat başa düşülür. O zaman bu ittiham gülünc, ağ yalan və böhtandır”.

Jurnalist əlavə edir ki, "AbzasMedia”ya təqdim etdiyi məqalələrin redaktə edilməsi məqsədi ilə 4 (dörd) dəfə redaksiyaya gedib. Bu, heç bir halda cinayət işi üzrə təqsirləndirilən şəxslərlə birgə fəaliyyət göstərmək kimi tövsif oluna bilməz:

"Jurnalistin məqalə yazmaqla qonorar əldə etməsini "tamah niyyəti ilə qanunsuz gəlir əldə etmək məqsədi” kimi təqdim etmək istintaqın naşılığı və səvadsızlığıdır.  2023-cü il noyabrın 20-də cinayət işində göstərilən ünvanda aşkar edildiyi iddia olunan xarici valyuta sərvətinin mənə heç bir aidiyyatı yoxdur. Beləliklə, göründüyü kimi, istintaq orqanının mənə qarşı irəli sürdüyü ittihamların ayrı-ayrılıqda, eləcə də məcmu halında heç bir hüquqi əsası mövcud deyil”.

Sonda Hafiz Babalı Prezidentə müraciətlə bunları deyib: "Əminəm ki, həbsim jurnalist fəaliyyətimlə bağlıdır. Bunu BŞBPİ-nin vəsatətlərimə dair 14 dekabr 2023-cü il tarixli qərarları təsdiq edir. "Vəsatətlərə baxılması haqqında” 14.12.2023-cü il tarixli qərarda göstərilir ki, "H. Babalı mütəmadi olaraq qrup üzvləri Ü. Həsənov və S. Abbasova ilə təmasda olub, onların birgə fəaliyyət göstərdiyi ofisə gedib-gəlib, onların tapşırığı əsasında pul müqabilində materiallar hazırlayıb”.

Jurnalist deyir ki, həmin qərarda həmçinin, göstərilir ki, cinayət məsuliyyətinə cəlb olunması ictimai fəaliyyətilə bağlı deyil: "Halbuki mən 1992-ci ildən bəri fasiləsiz olaraq peşəkar jurnalistika fəaliyyəti ilə məşğulam. Cəmiyyətdə ekspert, ictimai xadim kimi tanınıram. Bu qərarda, eləcə də həmin tarixli digər qərarda (vəsatətlərə baxılması haqqında) qərəzli şəkildə yalan məlumat verilir ki, mən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup halında qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta vəsaitləri gətirmişəm.

Cənab Prezident, mən öz dövlətini sizin qədər sevən, qanunun hərfinə hörmət edən vətəndaşam. Jurnalist kredom obyektivlik, qərəzsizlik, həqiqətpərvərlikdir. İndiyədək irili-xırdalı 200-dən çox müstəqil jurnalist araşdırmasının müəllifiyəm. Məmur sahibkarlığı, dövlət büdcəsinin talan edilməsi, çirkli pulların ölkə ərazisində və onun hüdudlarından kənarda yuyulması və s. Korrupsiya əməlləri araşdırmalarımın əsas mövzularıdır. Bu araşdırma məqalələri "Turan” İA, "Azadlıq Radiosu”, Meydan TV, "Sancaq Media”, "Open Azerbaijan”, "AbzasMedia”, eləcə də, "Open Media Hub”, "Radio Free Europe/Radio Liberty” beynəlxalq media resurslarında dərc olunub. Həmin ifşaedici təhqiqat materialları üzrə mənə qarşı böhtan və s. ittihamlarla məhkəmə iddiası qaldırılmayıb”.

Hafiz Babalı bildirir ki, "AbzasMedia” ilə əməkdaşlığı özəyində tamah niyyəti durmuş olsaydı, xeyli miqdarda pul qarşılığında araşdırmaçı-jurnalist fəaliyyətini dayandırmaq barədə şirnikləndirici təkliflərlə razılaşardı:  

"Cənab Prezident, mən cinayətkar deyiləm, jurnalistika da cinayət deyil. Fəaliyyətimdə rəhbər tutduğum prinsiplərdən biri sizin ictimaiyyətə və jurnalistlərə bəzi məmurların qanunsuz əməllərinə dair siqnal vermək haqda müraciətiniz olub. Vəzifəsindən azad edilən və həbs olunan bəzi məmurların cəzalandırılmasını mən həm də öz araşdırmalarımın nəticəsi kimi qiymətləndirmişəm.

Hörmətli Prezident, yazdıqlarımı nəzərə alaraq, barəmdə olan cinayət işini şəxsi nəzarətə götürməyi, mənə qarşı təqibin dayandırılması haqda göstəriş verməyinizi xahiş edirəm”.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti "AbzasMedia” saytının əməkdaşlarıdır. "Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

"AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis "Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. III Respublika Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, "Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də "pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli ("Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar ("Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.