Həbs edilən fəala dəstək kampaniyası başladılıb

Həbs edilən fəala dəstək kampaniyası başladılıb

09-06-2023 22:41 / Bu xəbər 1108 dəfə oxundu

İctimai fəallar və vətəndaş cəmiyyəti nümayəndələri hazırda inzibati həbsdə olan fəal Əmrah Təhməzova dəstək kampaniyasına başlayıblar. 

Kampaniya əsasən "tvitter” və "feysbuk” platformalarında #AzadEt - #FreeAmrah həştəqlərindən istifadə edilməklə paylaşılır. 

Fəal Əmrah Təhməzov mayın 27-də evindən oğurlanaraq 2 gün polis bölməsində naməlum şəkildə saxlanılıb və iki gün sonra - mayın 29-da məhkəmənin qərarı ilə 30 sutka müddətində həbs edilib.

Kampaniya təşkilatçıları hesab edirlər ki, Əmrah Təhməzovun həbsi onun ictimai-siyasi fəaliyyəti və tənqidləri ilə bağlıdır. 

Onlar bildiriblər ki, Əmrah Təhməzovun həbsi siyasi sifarişdir və Əmrahın simasında ictimai-siyasi fəalların həbsinə etiraz edirik.

Əmrah Təhməzovun Facebook hesabındakı paylaşımlarına, xüsusən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri, 3 ay yarım aclıq edən Əlizamin Salayevin durumuna görə Prezident İlham Əliyevi ittiham edən statusuyla əlaqədar cəzalandırıldığı iddia olunur.

O, həbsindən bir neçə gün öncə yazmışdı ki, evlərinə polislər gəlib, onu axtarıblar: "2 nəfər polis gəlib, evdən məni soruşublar, evdəkilər deyib şəhərdədi, çıxıb gediblər. Çox güman, o gün Elzamin bəy üçün Əliyevə vurgu ilə yazdıgım statusa görədir. Şişirtməyi sevmirəm, amma tutub eləsələr, böyük ehtimal elə statusuma görədir…”.