"Heç bir ləyaqətli adam ona övladları ilə gözdağı verən hakimiyyəti sevməz"
28-06-2023 16:37 / Bu xəbər 1261 dəfə oxundu
"Hakimiyyət Söyüdlü camaatına divan tutmaqla daha çox itirir, nəinki qazanır. Öz aləmlərində kəndin cəsur insanlarından qisas alırlar, həm də xalqı qorxudurlar. Ancaq anlamırlar ki, istənilən qorxu yaratma "əməliyyatı" bir müddətdən sonra effektini itirir".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə deyir.
AXCP sədri "Feysbuk" hesabında yazır ki, insanlar dözülməz vəziyyətlə üzləşəndə bir anda bütün əvvəlki qorxuları unudurlar:
"Söyüdlü camaatı etiraza qalxanda guya rejimin qəddarlığını bilmirdilər? Saatlıda su tələb edən yeniyetmənin rezin güllə ilə yaxın məsafədən vurulduğunu guya bilmirdilər? Gəncə, Nardaran, Quba, İsmayıllı və digər "iş"lərdəki işgəncələr haqda guya eşitməmişdilər? Bəlkə, Tərtərdə xalqın hərbçi övladlarının işgəncə ilə öldürüldüyünü eşitməmişdilər? Təbii ki, hamısından xəbərləri var idi. Ancaq doğmalarının gözləri önündə sionid turşusunun zəhərinin təsirilə ölməsinə, torpaq, su və havalarının zəhərlənməsinə dözə bilmədilər və etiraz etdilər".
"Bundan sonra da rejimin acgözlüyü və insafsızlığı kimləri dözülməz vəziyyətə salacaqsa, onlar da bir anda əvvəlki repressiyaları unudub, son çarə olaraq dinc etiraz edəcəklər. Rejimin Söyüdlü camaatından qisas alması isə təkcə anti-insani, dövlət hakimiyyətinə yaraşmayan hərəkət deyil, həm də rejimin özünə zərbədir. Çünki heç bir ləyaqətli adam sadə, zəhmətkeş vətəndaşından, yaşlı analardan qisas alan, onlara övladları ilə göz dağı verən hakimiyyəti sevməz, belə bir hakimiyyətin nə vaxtsa xalqa işi düşsə, ona kömək etməz, tam əksinə belə amansız, şərbaz rejimin ipini kəsər", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu hadisə bütün xalqı hiddətləndirib:
"Həm də rejimin indiki Söyüdlü repressiyası təkcə Söyüdlü, Gədəbəy camaatını yox, bütövlükdə Azərbaycan xalqını hiddətləndirir. Ona görə də əminəm: rejim Söyüdlüdəki şərləmələri, həbslərilə daha çox özünə zərbə vurur. İlham Əliyevin onsuz da yenidən minimuma enmiş eloktoratı belə anti-insani davranışlarla sonadək tükəndirilir. Söyüdlü camaatından əl çəkin, Söyüdlüdən həbs etdiyiniz günahsız insanları azad edin, o zəhər gölünüzü də qurudun!"
İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib.
Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb.
Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var.
Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib.
Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub.
Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradıldığı açıqlanıb.