Hesabat: "Azərbaycan məhbusların sayına görə Avropada liderlər arasındadır"

Hesabat:

08-04-2021 21:27 / Bu xəbər 1523 dəfə oxundu

Avropa Şurası məhbus əhali sayı barədə yeni hesabatını dərc edib.

Hesabata görə, Azərbaycanda ümumilikdə 21012 məhbus var. 

Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür. 

Sənəddə qeyd olunub ki, son 10 ildə Azərbaycanda məhbus sayında 14% azalma olub: 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər.

Ermənistan və Gürcüstanda isə bu göstərici daha yüksək - 50% təşkil edib.

Avropada hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, ilk dördlükdə bu ölkələr qərarlaşıb: Türkiyədə 357, Rusiyada 356, Gürcüstanda 263, Litvada 219 məhbus var.

Azərbaycan isə siyahıda 5-ci yerdədir.

Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48 məhbus düşür. 

Hesabata görə, Azərbaycanda mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Məsələn, Türkiyədə bu rəqəm 127, İtaliyada isə 120-dir.

Diqqət çəkən məqamlardan biri məhbuslara günlük xərclənən vəsaitlə bağlıdır. Belə ki, 5,9 avro vəsaitlə Azərbaycan məhbuslara ən az vəsait xərcləyən 3 ölkədən biridir. Bolqarıstan bir məhbusa 5.7, Rusiya 2., Gürcüstan 12.6, Ermənistan isə 18.8 avro xərcləyir.

"Azərbaycanda məhbuslara xərclənən məbləğ yüksək deyil"

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Əlməmməd Nuriyev "Toplum TV"yə hesabatı şərh edərkən belə deyib.

Əliməmməd Nuriyev 
Sosial Media

"Azərbaycanda məhbuslara xərclənən vəsaitin metodologiyası, digər ölkələrdən fərqli ola bilər. 5.9 avro məhkumun yalnız yemək, qalmaq xərcdir. Avropa ölkələrində məbləğin yüksək olması kommunal, sığorta, tibbi xərclərinin də hesaba qatılması ilə əlaqədar ola bilər.  Azərbaycanda isə bunlar hesaba alınmır".

Hüquqşünas deyir ki, devalvasiyaya qədər Azərbaycanda bir məhkumun bir illik xərci 6000 manat təşkil edib.

Ə.Nuriyev məhbusların sayının son illərdə baş verən azalmanı belə izah edir:

"Cinayət məcəlləsinə 2017-2020-ci illərdə 600 dən artıq dəyişikliklər olub. Məcəllələrin bəziləri dekriminallaşdırıldı, bəzilərində isə sanksiyalar azaldıldı. Həmçinin, cinayətin təsnifatında da dəyişiklik oldu. Məsələn, ağır cinayət az ağır cinayət kimi təsnifatlaşdırıldı. Bu dəyişikliklər məhbusların sayında əhəmiyyətli şəkildə azalmaya gətirib çıxardı. 

Hüquqşünasın fikrincə, məhbus sayında azalma olsa da, 21012 rəqəmi kifayət qədər yüksək göstəricidir.

"Azadlıqdan məhrumetmə cəzası nə qədər az olarsa, yeni kriminal qrupların yaranması imkanı da məhdudlaşacaq. Çünki həbsxanalarda fərqli bir mədəniyyət hökm sürür. Buna submədəniyyət də deyilir. 

Sosioloji tədqiqatlar göstərir ki, 5 ildən artıq həbsxanada qalan  şəxslərin davranışında cinayətə meyillilik, neqativ hərəkətlər yaranmağa başlayır. Eyni zamanda bu onların gələcəkdə cəmiyyətə inteqrasiyasına da çətinliklər yaradır. Bununla belə, cəzanın humanistəşdirilməsi cəzasızlığa yol açmamalıdır. Buna görə də gələcəkdə cəzalar təyin olunarkən bütün bunlar nəzərə alınmalı, məhbusların sayında balans qorunmalıdır".