Hüquq müdafiə təşkilatı Əli Əliyevə azadlıq tələb edir

Hüquq müdafiə təşkilatı Əli Əliyevə azadlıq tələb edir

27-06-2022 16:09 / Bu xəbər 938 dəfə oxundu

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı saxta ittihamlara son verilməsini tələb edib.

Bu barədə Arqument.az-a "İnsan Hüquqları və Qanunların Təbliği” İB-nin sədri Gülşən Məmmədoğlu məlumat verib.

Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, VİP sədri 23 iyun 2022-ci il tarixində 3-cü dəfə qanunsuz mühakimə olunub. 

Sənəddə deyilir ki, verilən məhkəmə qərarı ilə Ə.Əliyev daha 6 ay müddətində əsassız həbsə məkum edilib: "Bundan öncə 07 iyun 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə verdiyi xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə iclası keçirilib. Məhkəmə prosesində hakim Rəşad Cavadzadə həmkarları – əvvəlki məhkəmələri aparmış hakimlər Hüseyn Səfərov və Rauf Daşdəmirovun davranışlarını təkrarlayaraq, Əli Əliyevlə vəkillərinin arqumentlərə əsaslanan vəsatətlərini qəbul etməməklə yanaşı, iclasın qapalı keçirilməsinə, bununla da ictimaiyyətin oradakı gedişatdan xəbərsiz qalmasına qərar verib". 

"Bütün bu qanunsuzluqlara etiraz edən Əli Əliyev məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edib və pozulmuş hüquqlarının bərpası üçün sağlamlığına zərbə vuran addım atmaq məcburiyyətində qalıb. Qapalı keçirilən məhkəmə iclası isə növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salınıb", - deyə bəyanatda vurğulanıb. 

"23.06.2022-ci il tarixli son məhkəmə iclasında isə hətta, xüsusi ittihamçı Ramiz Göyüşovun vəkili də etiraf edib ki, ittiham qaydasında verilmiş şikayətə səbəb olmuş hadisə Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr-Zəfər Günü" münasibəti ilə qəbul etdiyi Amnistiya aktından əvvələ təsadüf etdiyindən hökm oxunduqdan sonra amnistiya aktı Əli Əliyevə də tətbiq edilməlidir. Lakin Amnistiya aktı Əli Əliyevə şamiı edilməyib, bu isə həbsin sifarişli olduğunun göstəricisidir", - təşkilat qeyd edir.

Bildirilir ki, analoji məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsində baxılmış işə ( İş № 1(006)-59/2022) əsasən barəsində hökm çıxarılmış məhkum şəxsə isə sözügedən Amnistiya aktı tətbiq edilib: "İnsan hüquqları və Qanunların Təbliği İctimai Birliyi VİP sədrinin son 6 ayda baş vermiş məhkəmə proseslərini təftiş edərək irəli sürülmuş ittihamların və çıxarılmış hökmlərin  siyasi motivli olduğu qənaətinə gəlir. Beləliklə, Ə. Əliyevə son 6 ayda xüsusi ittiham qaydasında çıxarılan 3 sifarişli hökm onu deməyə əsas verir ki, ölkədə məhkəmə-hüquq sistemi tamamilə formaldır, bu tipli məhkəmə proseslərinin müqəddəratını hüququn aliliyi deyil, hansısa qrupların mənafeyi və yaxud siyasi iradə həll edir". 

"İnsan hüquqları və Qanunların Təbliği İctimai Birliyi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qarşı saxta ittihamların davam etdirilməsini pisləyir, hakimiyyəti hüququn aliliyini və məhkəmələrin şəffaflığını təmin etməyə, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn vəzifə və öhdəliklərə, Konstitusiyanın bu barədə müvafiq maddələrinə əməl edərək vətəndaşların ifadə azadlığını tanımağa çağırır", - deyə sənəddə vurğulanır. 

İyunun 23-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası daha 6 ay uzadılıb.
Yasamal Rayon Məhkəməsində son 6 ayda VİP sədrinə üçüncü dəfə hökm oxunub.

Budəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Hakim Rəşad Cavadzadənin çıxardığı hökmə əsasən, Əli Əliyev Ramiz Göyüşovu təhqir etməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Bu cəza onun haqqında daha əvvəl çıxarılmış 6 aylıq həbs hökmüylə birləşdirilib. Ona qəti olaraq, 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzanın əvvəli isə Əli Əliyevin əvvəlki hökmlə həbs olunduğu gündən – 13 yanvardan hesablanıb.

Məhkəmə prosesi qapalı keçirilib.

Əli Əliyev yanvarın 13-dən həbsdədir.

O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib.

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.

O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub.

Əli Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı helikopterdə olduğuna inanmır: "Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm və uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da edib. Onlar sadəcə, alətdir”.

"Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – deyə partiya sədri bildirib.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.