İctimai fəal məhkəmədə “Kontakt”ı uddu

İctimai fəal məhkəmədə “Kontakt”ı uddu

17-02-2022 17:41 / Bu xəbər 701 dəfə oxundu

Fevralın 17-də Yasamal rayon məhkəməsi ictimai fəal Emin Xəlilovun "Kontakt Home” (elektron və məişət texnikası mağazalar şəbəkəsi) ilə bağlı şikayətinə baxıb. 

Hakim Günay Axundovanın sədirliyi ilə keçən məhkəmə Emin Xəlilovun xeyrinə qərar çıxarıb.

Bu barədə E.Xəlilov "Toplum TV”yə açıqlamasında məlumat verib.

"Məhkəmədə haqlı olduğum təsdiqini tapdı. "Kontakt Home” mağazası 6 aylıq əməkhaqqı və əsassız olaraq işdən çıxarılmağımla bağlı təzminat ödəyəcək”.

İctimai fəalın sözlərinə görə, məhkəmədə onun əsas tələbi işə bərpa edilməsi olsa da, bunun baş verəcəyinə düşünmür.

Fəalın vəkili Zibeydə Sadıqova məhkəmədə Emin Xəlilovu polisin sifarişi ilə işdən çıxarıldığını, qərarın siyasi motivli olduğunu bildirib.

Emin Xəlilov 2021-ci ilin avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" şirkətində işdən çıxarıldığını bildirmişdi.

"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu  göndərib, buna görə də rəhbərlik mənimlə  çalışmaq istəmir".

Fəal bildirib ki, onu 10 ay işlədiyi şirkətdən işdən çıxması barədə ərizə yazmağa məcbur ediblər.