İlqar Məmmədovun şərti cəzası ləğv olundu

İlqar Məmmədovun şərti cəzası ləğv olundu

28-03-2019 13:21 / Bu xəbər 476 dəfə oxundu

ReAL Partiyasının sədri İlqar Məmmədovun şərti cəzası ləğv olunub. 

Martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzasını dəyişdirib. Cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı həmin ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra, Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini şərti hesab edib.

Azadlıq Radiosu