İranda həbs edilən azərbaycanlı gəncə yaxın günlərdə hökm oxuna bilər
25-06-2023 14:47 / Bu xəbər 1198 dəfə oxundu
"Nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulub"
İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb.
Bu barədə anası Dilarə Əsgərova "feysbuk" hesabında məlumat yayıb.
Anası deyir ki, oğlu ilə ikinci dəfə telefonla danışıb: "Dedi ki, səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. 3 dəfə məhkəməsi keçirilib. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki məhkəmədə fars dilini bildiyi üçün tərcüməçi verilməyib. Özü bu məsələdən narazıdır, çünki fars dilində bilsə də, hüquqi terminləri başa düşmür. Mən də ona dedim ki, məhkəmədən həm vəkil, həm də tərcüməçi tələb etmək hüququ var. Oğlum əvvəllər tək nəfərlik kamerada saxlanılırdı, son vaxtlar artıq ümumi yerdədir, orada fars dilində danışır”.
Dilarə Əsgərova bildirib ki, oğluna yaxın günlərdə hökm oxunacaq: "Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulub".
"Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyib. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar”, - deyə Əsgərova bildirib.
Fərid Səfərli nə vaxt və niyə saxlanılıb?
Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.
Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.
Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.
Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.
O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.
Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.
XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.
İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.












