İranda həbsdə olan tələbənin anası İlham Əliyevə müraciət etdi

İranda həbsdə olan tələbənin anası İlham Əliyevə müraciət etdi

27-02-2024 15:36 / Bu xəbər 714 dəfə oxundu

İranda həbsdə olan Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin anası Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

Dilarə Əsgərova müraciətində həbsdə olan oğlunun vəziyyətinin yaxşı olmadığını bildirib.

"Oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qicanmasi ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb. Mən onun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm: xoşbəxt, həyat dolu bir gənc idi. İndi o, İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Mən oğlumun gələcək taleyindən də çox nigaranam. Onun İran həbsxanalarında necə ağır bir dönəm yaşadığını təsəvvür edirem. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reablitasiyası uzun illər çəkəcək". 

"Qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirtdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq bunu təsəvvür etmək istəmirəm", - deyə Dilara Əsgərova bildirib.

Əsgərova ölkə başçısından xahiş edir ki, oğlunun ölkəyə gətirilməsinə yardım etsin: 

"Fərid Sizin oğlunuz Heydərlə yaşıddır, ADA Universitetində tələbə yoldaşı olublar. Buna görə də Siz oğlunuz Heydərin timsalında Fəridin gələcəklə bağlı nə qədər arzularının olduğunu aydın təsəvvür edə bilərsiniz. O, Almaniyada Data analizi sahəsində ixtisaslaşıb və Azərbaycana bu sahədə xidmət etməyi arzulayırdı. Siz indiyə qədər hər zaman xaricdə haqsızlığa uğrayan vətəndaşlarımıza sahib çıxmısınız. Bir ana olaraq, Sizdən xahiş edirəm ki, Fəridin də Azərbaycana gətirilməsinə köməklik edəsiniz. İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!", - deyə o bildirib. 

Rəsmi məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib, martın 4-dən ondan xəbər almaq mümkün olmayıb. 

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi kəsilməyib. 

Sonda qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana səfər etməli olub.

Ailəsi uzun zaman Fərid Səfərlinin taleyindən məlumat ala bilməyib. İyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş "casusluq” ittihamı "casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. 

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.
 
Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.