Jurnalistə hücumla bağlı prezidentə müraciət olundu

Jurnalistə hücumla bağlı prezidentə müraciət olundu

10-05-2022 11:57 / Bu xəbər 1579 dəfə oxundu

Bir qrup jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti nümayəndəsi jurnalist Aytən Məmmədovaya edilən hücumla bağlı Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Baş prokuroru Kamran Əliyevə açıq müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, 8 may 2022-ci il, gecə saat 23.45 radələrində jurnalist Aytən Məmmədova evinə gedərkən liftdə naməlum şəxs tərəfindən hücuma məruz qalıb: "Bıçağı jurnalistin boğazına dirəyən şəxs ondan fəaliyyətini dayandırmağı tələb edib və azyaşlı övladı ilə hədələyib. Aytən Məmmədovanın boğazında gözlə görülə biləcək şəkildə xəsarət izləri var”.

Müraciəti imzalayanlar hadisənin düzgün araşdırılsını və işin arxasında dayanmış şəxslərin tapılıb cəzalandırılmasını tələb ediblər.

"Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlar və beynəlxalq hüquq qarşısında öhdəliklər götürüb. İnsan hüquları və ifadə azadlığı ilə bağlı təzyiqlər bu öhdəlikləri kobud surətdə pozur. Halbuki hüquq tələb edir ki, heç bir jurnalist peşə fəaliyyətinə görə təzyiq və təhdidə məruz qalmamalıdır”, - müraciətdə deyilir.

Müraciətdə vurğulanır ki, jurnalist Aytən Məmmədovaya edilən hücum, söz və mətbuat azadlığına edilən hücumdur: "Onun boğazına dirənən bıçaq bütün jurnalistlərin boğazına dirənən bıçaqdır. Bu səbəbdən ölkə başçısından və hüquq mühafizə orqanlarından tələb edirik ki, bütün jurnalistlərin təhlükəsizliyi və güvənli olaraq öz peşə fəaliyyətlərini yerinə yetirə bilmələri üçün cinayətkar və bu cinayətin arxasında dayanan şəxslər tez bir zamanda tapılaraq cəzalandırılsın!”.

Jurnalist Aytən Məmmədova hücumla əlaqədar Cinayət Məcəlləsinin 134-cü maddəsi (qətl və ya sağlamlığa ağır ziyan vurulması təhlükəsi) ilə cinayət işi başlanıb. 

İstintaq Binəqədi rayon Polis İdarəsində aparılır.

Bu barədə "Turan"a DİN-in mətbuat xidməti şöbəsinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və məlumat verilib ki, bütün zəruri istintaq hərəkətləri aparılır.

Mayın 8-i gecə saatlarında jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub. 

Jurnalist bildirib ki, ona hücum edən şəxs bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib. 

Jurnalist A.Məmmədova məhkəmələrdən hazırladığı reportajları ilə tanınır. 

Onun son zamanlar ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir.

İ.Süleymanov Tovuzun Dondarquşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur. Məhkəmə prosesi 2 ildir davam edir.