Jurnalistin məhkəməsi təxirə salındı

Jurnalistin məhkəməsi təxirə salındı

23-06-2017 14:12 / Bu xəbər 1283 dəfə oxundu

"Bu gün Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesim qeyri-müəyyən vaxta kimi təxirə salındı. Belə ki, saat 11:10 radələrində Ali Məhkəmənin Kollegiyasında hakim Hafiz Nəsibovun sədrliyi ilə mənə qarşı Cinayət Məcəlləsinin 221.1 maddəsi (Xuliqanlıq) ilə qaldırılmış cinayət işinə baxılacaqdı. Amma heç bir səbəb göstərilmədən təxirə salındı".

Bunu Arqument.Az-a jurnalist Elçin Həzənzadə deyib. 

"2016-ci ilin iyunun 1-də Nizami Rayon Məhkəməsi soyuq silahla törədilən xuliqanlıq ittihamını daha yüngül maddəyə tövsif edərək, aylıq maaşının 20 faizi tutulmaqla 1 il islah işlərinə məhkum edilmişəm. Prokuror mənə 3 il 6 ay həbs cəzası istəmişdi. İstintaqı 2015-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparırdı. Vəkilim Fariz Namazlı Ali Məhkəmənin Kolegiyasına Kassasiya şikayəti vermişdi. Xahiş etmişdik ki, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2016-ci il tarixli qərarını ləğv edib barəmdə çıxarılan cinayət təqibinə xitam versin. Məhkəmə təxirə düşdü və biz yenə qeyri-müəyyən vaxta kimi gözləməli olacağıq", - jurnalist bildirib. 

2016-cı il iyunun 1-də Nizami Rayon Məhkəməsində jurnalist və ictimai fəal Elçin Həsənova hökm oxunub. Məhkəmə soyuq silahla törədilən xuliqanlıq ittihamını daha yüngül maddəyə tövsif edərək, aylıq maaşının 20 faizi tutulmaqla Elçin Həsənovu 1 il islah işlərinə məhkum edib. Mayın 13-də prokuror ona 3 il 6 ay həbs cəzası istəmişdi. Mart ayında E.Həsənova qarşı 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə olan 221-3 maddəsi (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) ilə əvəzlənib.

E.Həsənov Sumqayıtda nəşr edilən "Yüksəliş naminə” qəzetinin redaktor müavinidir. Bundan əlavə, AXCP Ali Məclisinin üzvüdür.