Ölkə və peşə sevgisi

Ölkə və peşə sevgisi

16-05-2022 19:28 / Bu xəbər 4372 dəfə oxundu

Ənnağı Hacıbəyli
 
...ölkəni sevmək onun əcaib gerçəklərini sevmək öhdəliyi yaratmır

On-on beş il qabaq yas məclisindən çıxıb evə tərəf getməyə başlamışdım ki, yanımda bir maşın dayandı. "Müəllim, gəlin sizi aparım” deyən adamı tanımasam da, danışığından bildim ki, tanışıq. Xeyli getdikdən sonra yolda yekə bir şüarı göstərib gülə-gülə dedi ki, mən market işlədirəm və hər dəfə vergi ödəyəndə bu şüarı xatırlayıb ürəyimi boşaldıram.

Səbəbini anlasam da, yolu qısaltmaq üçün ürəyini rahatladan məsələni onun dilindən eşitmək istədim. Dedi ki, "Vətənə sevgi – dövlətə vergi” iki halda normal sayıla bilər. Birinci, vergi gerçəkdən dövlətə verilsin, ikinci, o, məhz vergi kimi ödənilsin. Bizdə isə bir də görürsən bir vergi işçisi qəflətən marketə girir və başlayır tavanı, binanın içini seyr eləməyə. Yaxınlaşıb soruşursan ki, sizə nə lazımdı, adamın üzünə də baxmadan "30 min” deyib müşahidələrini davam etdirir. Sonradan anlayırsan ki, "vergi”dən söhbət gedir.

Dünən "Facebook”dan öyrəndim ki, bizim Vəkillər Kollegiyasını Avropa Vəkillər Kollegiyaları Birliyinə ("CCBE”) üzv qəbul eləyiblər və VK sədri deyib ki, "Ölkəsini və peşəsini sevən hər kəs bu uğura sevinməlidir”.

Bunu oxuyanda o "Vətənə sevgi – dövlətə vergi” şüarı yadıma düşdü. Axı mən də uzun illər vəkillik fəaliyyəti ilə məşğul olmuşam və sonradan qanunvericilik dəyişdiyindən məni bu peşədən məhrum ediblər. Uzun məhkəmə çəkişmələrindən sonra nəhayət, Avropa Məhkəməsi hüququmuzu tanısa da, VK bizi (İntiqam Əliyevi və məni) kollegiyaya qəbul etməkdən imtina edir. Bəhanə də odur ki, Ali Məhkəmə ölkədaxili məhkəmələrin qərarını ləğv etməyib. Ali Məhkəməyə beş il ərzində verdiyimiz şikayətlərə baxmağa isə sədrin vaxtı yoxdur.

"Ölkəsini və peşəsini sevən…”

Bu, o deməkdir ki, bu xəbərə sevinmirəmsə, deməli, ölkəmi və peşəmi sevmirəm, eləmi?

Hakimiyyət nümayəndələri də bu sözləri təkrarlamağı sevirlər – ölkədə nəyisə tənqid edirsənsə, deməli, bu vətəni sevmirsən. Hakimiyyətin demokratiklik dərəcəsinin əyani göstəricisi olan bu absurd fikir onların ifasında bəzən hətta normal qarşılanır: siyasi mənafe bunu tələb edir. Sən demokrat deyilsənsə, hakimiyyətin saxlanmasının hər cür variantını məqbul saya bilərsən. Amma bu fikir bir peşə birliyinin, müstəqil və siyasətdən kənar olmalı bir azad peşə qurumu rəhbərinin dilindən deyiləndə buna hər hansı normal yanaşma mümkün deyil.

Ölkəni sevməyin sortbasort variantları var. Sən avtoritar ölkəni də sevə bilərsən və sənə yaradılan şərait səni qane edəndə o idarəçiliyi müdafiə etməkdən başqa yolun qalmır. Azad deyilsənsə. Daxilən azad olsan bunu özünə rəva bilməzsən.

Ölkəmi sevirəmmi?

Mən azad, demokratik, insan haqlarının qutsallığına tapınan ölkəni sevirəm. Belə ölkə uğrunda da bacardığımı eləməyə çalışıram. Bir də ki, ölkəni sevmək onun əcaib gerçəklərini sevmək öhdəliyi yaratmır. Ölkəmi onun təbii gözəllikləri, dəyərli insanları, öyünməli özəllikləri ilə sevirəm. Bizi millətlər içində başı aşağı edən, xalqın mənəviyyatını pozan, insan ləyaqətini alçaldan nəsnələri necə sevə bilərik? Mən sevmirəm, siz necə?

Peşəmi sevirəmmi?

Çox istəyirəm ki, sevim. Amma bu imkandan da məhrumam. Axı o sevgini siz əlimdən almısınız, siz məni bu şərəfli peşə ilə məşğul olmaq, insan haqlarını müdafiə edib bundan zövq almaq imkanından məhrum etmisiniz. İndi nə haqla məndən sevgi tələb edirsiniz?!

İndi bütün vəkillər kütləvi təbriklərə start veriblər. Olsun. Ləyaqətli vəkillərin təmənnasız təbriklərinə mən də qoşuluram. Amma dünən VK sədrini söyən, bu gün şəxsi problemi həll edildiyindən xora züy tutan adamların təbrikinə ikrahla baxmaqdan başqa variant qalmır. Bax ölkənin bu hissəsi də hər hansı sevgiyə ümid edə bilməz. Belələri bəzən hətta ləyaqətli adamları da əcaib, təmənnalı münasibətləri ilə korlayır, ölkəni bir az da zülmətə qərq edirlər.

Özlərinə sərf edəndə ikili standartlardan şikayətlənənlər indi öz standartlarına xəyanət edən bir beynəlxalq təşkilatın qərarını böyük uğur kimi təqdim edir və buna sevinməyəni az qala vətənə xəyanətdə suçlayırlar. 

İnsan haqlarını müdafiə edən ləyaqətli vəkilləri peşəsindən məhrum edən bir təşkilatı özünə layiq bilən bir beynəlxalq qurumun dəyəri də elə o təşkilat qədərdir. Heç olmasa qəbulu beynəlxalq standartlara əməl etmək şərtləri ilə əlaqələndirməyən bir quruma üzvlük ölkəyə və vəkilliyə nə verə bilər?

Beynəlxalq qurumlar "Siyasi mövqeyindən asılı olmayaraq hamını kollegiyaya imtahanlara dəvət edirik” bəyanatının altında qurulmuş tələni görmürlərmi? Ağlım kəsmir, axı illərlə danışıqlar aparıb hesabatlar oxumuş dünya şöhrətli avropalı vəkillər o qədər də sadəlövh deyillər. Üstəlik, köhnə və təzə sədrin başqa cür düşünənlərə qarşı eyni münasibəti barədə söz-söhbətlər uzun illərdir davam edir. Nə vaxtadək?

Otuz ildir verilən bu sualın haçansa cavabı verilməlidir. Amma normal, məntiqli, əsaslı cavab. Trol sürüsünün xoruna qulaq asmaq fikrim yoxdur.

Yazı Meydan TV-dən götürülüb.