Media eksperti deputatlara səsləndi

Media eksperti deputatlara səsləndi

18-04-2020 17:58 / Bu xəbər 1304 dəfə oxundu

Ələsgər Məmmədli
Media eksperti, hüquqşünas

Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə əlavə nəzərdə tutan qanun layihəsi yerləşdirilib. Layihəyə əsasən dövlət dilinin normalarının "Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında " pozulmasına görə inzibati cəza müəyyən edilir. 

Bu bir neçə aspektdən hüquqa ziddir və bu formada qəbul edilməməlidir.

1. Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən edildikdən sonra məsuliyyət nəzərdə tutula bilər. Bu məsuliyyəti nəzərdə tutan qanun "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun"dur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutur. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, bu Qanun müəyyən etməlidir, edib də.

Həmin Qanunun 4-12 ci maddələri dövlət dilinin işlənməsi zəruri olan sahələri göstərib. Bunlar:

a. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi;
b. Dövlət dilinin təhsil sahəsində işlənməsi;
c. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi;
ç. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi;
d. Dövlət dilinin xüsusi adlarda işlənməsi;
e. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə;
ə. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi;
f. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi;
g.Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi.

Deməli İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdud olmalıdır. Halbuki İXM-yə dəyişiklik nəzərdə tutuan layihədə bu sahələrin əsasən heç birinə toxunmadan (reklam istisnadır), qanunda olmayan iki önəmli sahəni məsuliyyət çərçivəsinə salmağı planlaşdırır: KİV və İnretnet.

Diqqət etsək, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda KİV olaraq, sadəcə, 6-cı maddədə Televiziya və radioların məsuliyyəti nəzərdə tutulub. (Bu da mübahisəlidir, dövlətin təsis etdiyi və maliyəşəlşdirdiyi ilə məhdudlaşmalı idi).

Deməli, geniş şəkildə "kütləvi informasiya vasitələri" və "internet resursları" üçün belə bir məsuliyyətin nəzərdə tutulması mümkün deyil və hüquqi əsası yoxdur.

2. KİV və İnternet resurslarının belə bir məsuliyyətə cəlb edilməsinin nəzərdə tutulması Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir.

Düşünün, bu dəyişiklik qüvvəyə mindikdən sonra qəsdən bu tələbləri pozan istənilən internet istifadəçisi və digər KİV cərimələnmək istəyəcək. Daxili hüquq yolunda bu cərimə "qanuni" hesab ediləcək. Həmin şəxslər haqlı olaraq AİHM-ə gedəcək və ölkəni minlərlə avro cərimələdəcək. Beləliklə, bu maddə həm də bəzi "peşəkarlar" üçün gəlir yeri olacaq.

Deputatlara səslənirəm: bu yanlışın olmasına yol verməyin və bu formatda bir məsuliyyəti İXM-yə gətirməyə səs verməyin. Bu, ciddi şəkildə ölkənin imicinə də problem yaradacaq.