Məhkəmədə 31 milyonluq qalmaqal: "Əbülfəs Qarayevi dindirin"

Məhkəmədə 31 milyonluq qalmaqal:

10-09-2021 15:53 / Bu xəbər 1063 dəfə oxundu

31 milyonluq tenderin qalibi deputatın şirkəti olub

Azərbaycan Milli İncəsənət Muzeyinin təmirinə dövlət büdcəsindən 31 milyon manat vəsait ayrılıbmış. Bu, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun məhkəməsində üzə çıxıb.

Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə iclasında İncəsənət Muzeyində təmir-bərpa işlərini həyata keçirmiş "Azəraqrartikinti" ASC-nin nümayəndəsi Nüsrət Ömərov dindirilib. 

O, muzeyin bərpa işlərinə niyə tikinti şirkətinin cəlb olunması, 31 milyonluq tenderdə bu şirkətin qalib gəlməsinin səbəbləri, bu qədər böyük vəsaitin nəyə xərclənməsi haqda hakimlərin suallarını cavablandırıb.

"Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasının sədri deputat Ağalar Vəliyevdir.

Nüsrət Ömərov bildirib ki, İncəsənət Muzeyinin təmir-bərpasına əcnəbilər, o cümlədən italyanlar da cəlb olunmuşdu. 

Əcnəbilərin Bakıda yaşayışına yerli işçilərlə müqayisədə daha çox vəsait sərf olunduğunu deyən Nüsrət Ömərovun sözlərinə görə, vəsaitin 12 milyonu xaricilərə xərclənib.

Şahid vurğulayıb ki, "Azəraqrartikinti" ASC-nin İncəsənət Muzeyindən əvvəl də dövlət əhəmiyyətli binaların təmir-bərpasında təcrübəsi vardı. 

Onun dediklərindən məlum olub ki, Milli Məclisin binasının təmiri və başqa böyük layihələr də deputatın şirkətinə həvalə olunubmuş.

Nüsrət Ömərov əlavə edib ki, onların həyata keçirdiyi Mədəniyyət Nazirliyinə aid layihələrdə işlərin əksəriyyətindən ovaxtkı nazir Əbülfəs Qarayevin də xəbəri olub: "Əbülfəs Qarayevi dindirin, onun bir çox işlərdən xəbəri var".

Şahidlə yanaşı, təqsirləndirilən Zakir Sultanov da Əbülfəs Qarayevin dindirilməsini istəyib. 

O da bildirib ki, görülən işlərdən nazirin xəbəri olurdu.

Hakim bildirib ki, ittiham tərəfinin əsas şahidləri dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər.

Məhkəmə prosesi sentyabrın 16-da davam edəcək.

Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. 

Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı. 

Rafiq Bayramovun məhkəməsi iki həftə əvvəl yekunlaşıb. 

O, 8 il azadlıqdan məhrum edilib.

Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur. 

Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sabiq xidmət rəisinin yaxınları istintaq dövründə zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. 

Onun 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Zakir Sultanov məhkəmənin hazırlıq iclasında bu əmlakların qalan zərərin əvəzi kimi hesablanmasına razılıq verib.(Meydan TV)