"Milla"dan şikayət var: "Üzsüz süd toplayır, kimyəvi maddə qatır, "Qamogen"lə faizi qaldırır"

30-12-2023 13:30 / Bu xəbər 1305 dəfə oxundu

"Milla" süd zavodunun istehsal etdiyi südün tərkibinə təhlükəli maddələrin qatdığı bildirilir. 
 
Bu barədə "Arqument.az"a şirkətdə çalışanlar məlumat veriblər.

Bildirilir ki, "Milla" şirkəti südtoplama məntəqələrində əsasən əhalidən yağsız və üzsüz südün toplanmasına üstünlük verir. 

Şikayətçilərin dediyinə görə, "Milla" şirkəti bu əməli daha çox Lənkəran rayonunda fəaliyyət göstərən südtoplama məntəqəsində həyata keçirir. 

Şirkət əhalidən 30 qəpiyə topladığı üzsüz südün tərkibinə təhlükəli maddələr qataraq südün yağlılığını 2.5 faizə çatdırır.  

Məntəqə müdiri Mais Talışxanovun bu əməllərinin isə şirkət rəhbərliyi tərəfindən "ört-basdır" edildiyi bildirilir. 
 
""Milla" şirkətində əhalidən toplanmış üzsüz südə "Sun 17" yağı əlavə edərək südün yağlılığını "Qamogen" deyilən aparatla 2.5 faizə qaldırır", - şikayətçi deyir.

O bildirib ki, dünya stantdarlarına görə, süd qəbulu zamanı "Rozalin"dən istifadə olunmalıdır: "Bu da ona görə edilir ki, südün tərkibində kimyəvi maddələr var, yoxsa yox. Və spirtlə yoxlanılır ki, südün xarab olub-olmadığı aydın olsun. Amma burada südün PH dərəcəsinə baxırlar. Aşağı olanda ona soda və pates kimi kimyəvi maddələr qatırlar ki, PH qaldırılsın. Xahiş edirik ki, komissiya təşkil olunub zavodu yoxlasınlar. Əgər yoxlasalar, dediklərimizə şahid olacaqlar", - şikayətçi vurğulayıb. 

Şikayətçilərin sözlərinə görə, hazırda sözügedən südtoplama məntəqəsində süd antisanitar vəziyyətdə toplanılır, məntəqədə südün tərkibi yoxlanılmır: "Çünki heç bir lobaratoriya və antibiotik yoxlayan aparat yoxdur. Südün tərkibi yoxlanılmadan bərbad vəziyyətdə Bakıya göndərilir".

"Milla" şirkətindən məsələyə münasibət öyrənmək mümkan olmayıb. 

"Milla" süd zavodu "AZ FP CO” LTD MMC olaraq 2011-ci ildə fəaliyyətə başlayıb. 
 
Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmək gücünə malikdir.
 
Şirkətin qeyri-rəsmi fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.