Milli Şura: "Seyran Rəfiyev qurumun üzvü olmayıb" - YENİLƏNİB

Milli Şura:

22-03-2021 00:11 / Bu xəbər 986 dəfə oxundu

 Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin keşmiş üzvü Eldəniz Quliyev Milli Şuranın açıqlamasını həqiqətəuyğun saymayıb.  

"Milli Şuranın açıqlaması qeyri-obyektivdir və həqiqəti tam əks etdirmir", - deyə o bildirib. 

O həmçinin deyib ki, hazırda Hollandiyada mühacir həyatı yaşayan Seyran Rəfiyev Azərbaycan Ziyalılar Birliyi sədrinin müşaviri olub və hələ də bu vəzifədən uzaqlaşdırılmayıb.

"Yuxarıda qeyd edilən açıqlama və statusda bir neçə dəfə mənim adım keçdiyindən, istəməsəm də, məsələ ilə bağlı qısa (hələ ki, üstüörtülü) şəkildə münasibət bildirmək məcburiyyətindəyəm. Qeyd edim ki, S.Rəfiyevlə bir ilə yaxındır bütün əlaqələri kəsmişəm. Bu, tamam özgə bir mövzudur, buna baxmayaraq, düşünürəm ki, haqsız hücum, tənə və ittihamlara məruz qalan insanı müdafiə etmək hər kəsin borcudur, o cümlədən mənim. Bunu da deyim ki, Milli Şura üzvlərindən kimsə, ya kimlərsə, yazdıqlarımı təkzib etməyə cəhd göstərsə, ortaya daha sərt mövqe və faktlar  qoyulacaq", - Eldəniz Quliyev feysbuk hesabında yazıb. 

***
 
20:03.2021

Son günlər sosial şəbəkələrdə azərbaycanlı mühacirlər arasında qarşılıqlı ittihamlar müşahidə olunur. 

Bu ittihamlara xaricdə yaşayan blogerlər də qoşulub. 

Onlar bir-birini hakimiyyətə işləməkdə və müxalifətdaxili çəkişmələrdə günahlandırırlar. 

Ötən gün müzakirələrdə adı hallanan mühacirlərdən biri - Seyran Rəfiyev mövzu ilə bağlı "Osmanqızı TV"də Sevinc Osmanqızının qonağı olub. 

O, Milli Şura üzvü olduğunu və Osmanqızının bu quruma qarşı qərəzli kampaniya aparadığını deyib. 

Milli Şura isə Seyran Rəfiyevin təşkilatın üzvü olmadığını açıqlayıb.

Milli Şuradan arqument.az-a verilən məlumata görə, Rəfiyev illər öncə üzvlük üçün müraciət etsə də, istəyi gerçəkləşməyib: "Milli Şuranın Koordinasiya Mərkəzi olaraq bildiririk ki, Seyran Rəfiyev bizim üzvümüz deyil. Koordinasiya Mərkəzinin keçmiş üzvü Eldəniz Quliyevin Azərbaycan Ziyalılar Birliyində müşaviri olan Seyran Rəfiyevin Milli Şuraya üzvlük məsələsi qurumun Koordinasiya Mərkəzinində bir neçə il öncə müzakirə olunub və təşkilatın sessiyasına tövsiyə edilib. Lakin hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlər səbəbilə Milli Şuranın sessiyasını keçirmək mümkün omayıb. Həmçinin Seyran Rəfiyev də Azərbaycanda olmadığından onun Milli Şuraya üzv qəbul ediməsi gerçəkləşməyib". 

Milli Şura bəyan edib ki, Rəfiyevin mühacir status almasında da qurumun hər hansı bir rolu olmayıb: "Bəyan edirik ki, Milli Şura bu günədək Seyran Rəfiyev və Milli Şuranın üzvü olan və ya olmayan digər mühacirlərin Avropaya yerləşməsinə, oturum alması kimi məsələlərdə hər hansı formada iştirak etməyib. Bundan başqa, Milli Şura bu məsələlərdə hər hansı tövsiyə  məktubu, arayış, üzvlük sənədi verməyib".