Moskva: "Qarabağdakı sülhməramlıların BMT mandatına ehtiyacı yoxdur"
08-02-2023 17:01 / Bu xəbər 906 dəfə oxundu
"Qarabağdakı rus sülhməramlılarının BMT mandatına ehtiyacı yoxdur".
"RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev belə deyib.
O, fikrini onunla əsaslandırıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Rusiya sülhməramlılarının fəaliyyət üsulları artıq müəyyən edilib.
"Konfliktin iştirakçıları arasında bu məsələdə konsensus var", - deyə İliçev qeyd edib.
O əlavə edib ki, bu da həlledici faktordur: "Rusiya sülhməramlılarının fəaliyyəti həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənir. Bölgənin yekun statusunun qeyri-müəyyənliyi kontekstində əsas əhəmiyyətli faktor da budur".
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının mandatı bitdikdən sonra regiona beynəlxalq sülhməramlı kontingentin gətirilməsinin zəruri olduğunu və Moskvanı rus sülhməramlılarına bu mandatın verilməsi məsələsinə baxmağı təklif etmişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyana cavab olaraq bildirmişdi ki, bölgəyə beynəlxalq sülhməramlıların cəlb edilməsi üçün münaqişənin bütün tərəflərinin razılığı lazımdır.












