Moskva Yerevana Avropadan uzaq durmaqla bağlı xəbərdarlıq edib

Moskva Yerevana  Avropadan uzaq durmaqla bağlı xəbərdarlıq edib

13-02-2023 19:30 / Bu xəbər 939 dəfə oxundu

Fevralın 13-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş olub. 

Bu barədə Dumanın rəsmi saytı məlumat yayıb

Məlumata görə, görüşdə Volodin və Qafarova Dövlət Duması ilə Milli Məclis arasında Əməkdaşlıq Sazişi imzalayıblar.

Volodin Qafarova ilə görüşdə Dövlət Duması ilə Azərbaycan Parlamenti arasında ölkə başçılarının qərarlarının, xüsusilə "Müttəfiqlik haqqında" Bəyannamənin qanunvericilikdə təmin edilməsi üçün qarşılıqlı fəaliyyəti aktivləşdirməyi təklif edib.   

Tərəflər görüş zamanı Qarabağdakı vəziyyətə də toxunublar. 

Milli Məclisin sədri çıxışında vurğulayıb ki, Azərbaycan bu məsələnin həllində Rusiya Prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirir.

Dövlət Dumasının sədri isə öz növbəsində Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri barədə xəbərdarlıq edib, onların Ukraynadakı fəaliyyətinin nəyə gətirib çıxardığını xatırladıb. 

Volodin vurğulayıb ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı saziş əsasında aparılmalıdır: "Avropa Parlamentini və AŞPA-nı prosesə cəlb etmək istəyərkən 10 dəfə düşünməli, Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə yekunlaşa biləcəyi barədə düşünməliyik. Sülh istəyən, vəziyyəti həll etmək istəyən istənilən kəs bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən nəinki uzaq durmalıdır, həm də anlamalıdır ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrə görə məsuliyyət daşımalıdırlar”.

"Gəlin dövlət başçılarının - Azərbaycan, Ermənistan və Rusiya səviyyəsində qəbul olunmuş qərarlarından çıxış edək. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”, - deyə Vyaçeslav Volodin bildirib.

O daha sonra əlavə edib: "Avropa qurumları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”.
 
Qeyd: 
 
Avropa İttifaqı Şurası yanvar ayında Ermənistan-Azərbaycan sərhədində "sabitliyə tövhə vermək” məqsədi ilə mülki missiya yaratmaq barədə Yerevanla razılığa gəlib. 

Qurumdan bildirilib ki, bu missiya iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına töhfə verəcək.

Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək.

Azərbaycan tərəfi sərhəd ərazisinə birtərəfli razılaşma əsasında Avropa İttifaqı Şurası missiyasının yerləşdirilməsinin sülh prosesinə töhfə verməyəcəyini bəyan edib.